Afrikadakı ən qədim insan qəbiri aşkar edilib

Afrikadakı ən qədim insan qəbiri aşkar edilib

Keniyadakı Panqa ya Səidi mağarasında aparılan qazıntılar zamanı arxeoloqlar orta daş dövrünə aid olan və təxminən, 78 min il yaşı olan qəbir çuxuru aşkar ediblər.

Giperssilka “Report”a istinadən xəbər verir ki, bu barədə “Nature” jurnalı yazıb.

Qeyd olunub ki, bu, Afrika qitəsində indiyə qədər bilinən ən qədim insan qəbiridir.

Yazıda vurğulanır ki, alimlər ilk sümük parçalarını 2013-cü ildə tapıblar, ancaq yalnız 2017-ci ildə mağaranın indiki döşəməsinin üç metr aşağısında yuvarlaq boşluqlar və skelet qalıqları aşkar edilib. Qalıqların identifikasiyası üçün alimlərə bir ildən çox vaxt lazım gəlib. Araşdırma nəticəsində sümük qalıqlarının “Homo sapiens” uşağa - 2,5-3 yaşlı oğlana məxsus olduğu üzə çıxıb.

Meyit qəbirdə qıvrılmış vəziyyətdə, sağ tərəfi üstdə, dizləri sinəsinə sıxılmış vəziyyətdə olub. Sümüklərin və ətrafdakı torpağın mikroskopik analizi meyitin boşluğa yerləşdirildikdən sonra qısa zamanda basdırıldığını təsdiqləyib və bu da onu sürətli çürümədən qoruyub.

Alimlər qəbirlə eyni səviyyədə daş alətlər də tapıblar. Arxeoloqlar onları Afrika mezolitinə aid ediblər.