Allahşükür Paşazadə Trampa: "Humanizm və bəşəri həmrəylik naminə İran xalqına qarşı sanksiyaların dayandırılmasına dair qərar veriniz"
"Qafqaz bölgəsinin və Azərbaycanın dindarları adından, müxtəlif din mənsublarının, tanınmış yəhudi, xristian, müsəlman dini liderlərinin, o cümlədən ABŞ-ın dini konfessiya rəhbərlərinin üzvü olduğu Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin rəhbəri olaraq, cənabınıza və bütün Amerika xalqına salamlarımı və xeyir-dualarımı yetirirəm. "
Giperssilka.ru QMİ rəsmi saytına istinadən xəbər verir ki, Mayın 5-də Qafqaz Müsəlmanları İdarəsinin sədri, Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin Baş Katibi Şeyxülislam Allahşükür Paşazadə Amerika Birləşmiş Ştatları prezidenti cənab Donald Trampa məktubla müraciət edib. Məktubda deyilir:
“Möhtərəm cənab Prezident!
Qafqaz bölgəsinin və Azərbaycanın dindarları adından, müxtəlif din mənsublarının, tanınmış yəhudi, xristian, müsəlman dini liderlərinin, o cümlədən ABŞ-ın dini konfessiya rəhbərlərinin üzvü olduğu Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası Əməkdaşlıq Mərkəzinin rəhbəri olaraq, cənabınıza və bütün Amerika xalqına salamlarımı və xeyir-dualarımı yetirirəm.
Uca Yaradanın Lütfüdür ki, yaşanan böhranlara, qarşıdurma və münaqişələrə baxmayaraq, dünyamızı məhvərindən çıxmağa qoymayan əbədi dəyərlər mövcuddur. Bunların sırasında müxtəlif millət və etiqad sahiblərinin dinc birgəyaşayışı, qarşılıqlı anlaşma mədəniyyəti mühüm yer tutur. Əbəs yerə deyildir ki, müqəddəs kitablarımız Tövrat, İncil və Quran etiqadımızdan asılı olmayaraq hamımızı insanlıq naminə mərhəmətli və şəfqətli olmağa çağırır.
Dünyamızın çətin sınaqlarla sınandığı, yeni növ koronavirus bəlası ilə mücadilə etdiyi bir dövrdə insan həmrəyliyi, humanizm idealları hər zaman olduğundan daha artıq önəm daşıyır. Şükürlər olsun ki, Azərbaycanda koronavirusla mübarizə ciddi və uğurla aparılır, eyni zamanda, beynəlxalq müstəvidə humanitar yardımlaşmaya, xarici ölkələrə zəruri köməkliklər edilməsinə böyük diqqət verilir.
Zati-aliləri! Dünya – bizim ümumi evimizdir və bu evin həyati düzəni siyasi xadimlərin verdiyi düzgün qərarlardan asılıdır. Mən ümid edirəm ki, dünya dindarlarının müqəddəs bayramları Pesax və Pasxa dönəmində, eləcə də mübarək Ramazan ayının başlanması ərəfəsində Siz şəxsinizə xas olan alicənablıqla müraciətimizə müsbət yanaşacaq, verdiyiniz ali qərarla böyük bir insani fəlakətin aradan qaldırılmasına imza atmış olacaqsınız. Bu, bütün dindarların ümidi və bəşəri sülh üçün etdiyi dualardır!
Dərin hörmətlə,
Şeyxülislam Allahşükür Paşazadə
Bakı Beynəlxalq Dinlər və Sivilizasiyalararası
Əməkdaşlıq Mərkəzinin Baş Katibi”.
Giperssilka.ru