Azərbaycanda “Facebook” və “Instagram” istifadəçilərinin sayı açıqlanıb

Azərbaycanda “Facebook” və “Instagram” istifadəçilərinin sayı açıqlanıb

Bu ilin noyabr ayında Azərbaycanda "Facebook" sosial şəbəkə istifadəçilərinin sayı oktyabr ayı ilə müqayisədə 3% artıb.

Giperssilka.ru APA-ya istinadən xəbər verir ki, dekabrın 1-i tarixinə ölkə üzrə 5 230 100 nəfər aktiv "Facebook" istifadəçisi qeydə alınıb ki, bu da ölkə əhalisinin 50,9%-ni təşkil edir.

Ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə "Facebook" istifadəçilərinin sayı 40,5% və ya 1 509 100 nəfər artıb. İstifadəçilərin 64,7%-i kişilər, 35,3%-i isə qadınlardır.

Ən böyük istifadəçi qrupu 25-34 yaş arası insanlardan (1 973 700 nəfər) ibarət olub.

Kişilər və qadınlar arasında ən böyük fərq 25-34 yaş arasında olan insanlar arasında müşahidə olunur ki, burada kişilər 626 300 nəfərlə liderlik edir.

Bu ilin noyabr ayında Azərbaycanda "Instagram" sosial şəbəkə istifadəçilərinin sayı isə oktyabr ayı ilə müqayisədə 1,3% artıb.

Dekabrın 1-i tarixinə ölkə üzrə 4 037 400 nəfər aktiv "Instagram" istifadəçisi qeydə alınıb ki, bu da ölkə əhalisinin 39,7%-ni təşkil edir.

Ötən ilin eyni dövrünün göstəricisi ilə müqayisədə isə istifadəçi sayı 21% və ya 708 400 nəfər artıb.

İstifadəçilərin 62,8%-i kişilər, 37,2%-i isə qadınlardır. Ən böyük istifadəçi qrupu 25-34 yaş arası insanlardan (1 588 600) ibarət olub. Kişilər və qadınlar arasında ən böyük fərq 25-34 yaş arasında olan insanlar arasında müşahidə olunur ki, burada kişilər 411 400 nəfərlə liderlik edir.

Qeyd edək ki, hazırda dünya üzrə aktiv "Instagram" istifadəçilərinin sayı 2 milyardı ötüb. Sosial şəbəkə sözügedən statistikanı 2018-ci ilin iyun ayından, yəni 1 milyard həddini keçəndən bəri açıqlamayıb.