Azərbaycanda müqəddəs Ramazan bayramı qeyd olunur

Azərbaycanda müqəddəs Ramazan bayramı qeyd olunur

Hicri-qəməri təqvimi ilə bu gün şəvval ayının biri Fitr bayramıdır.

Giperssilka SalamNews-a istinadən xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Qazılar Şurasının fətvasına əsasən Ramazan ayı bu il Azərbaycanda miladi təqvimi ilə aprelin 14-də başlayıb. Eydül-Fitr (Fitr bayramı) isə miladi təqvimi ilə mayın 13-nə təsadüf edir.

Ramazan bayramında hər ailənin başçısı ailə üzvlərinin sayı qədər fitrə payı çıxarmalıdır. Bu il bayram namazları koronavirus pandemiyasına görə fərdi şəkildə qılınacaq. İşğaldan azad edilmiş Şuşa şəhərində isə 29 ildən sonra ilk dəfə olaraq bayram namazı camaat şəklində qılınacaq.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev və QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə Ramazan bayramı münasibətilə Azərbaycan xalqını təbrik ediblər.

Azərbaycanda Ramazan bayramı 1993-cü ildən dövlət səviyyəsində qeyd olunur.

Ramazan ayında oruc tutulması müsəlmanlara hicrətin ikinci (622-ci il) ilində vacib edilib. Ramazan ayı insanlara Allahı sevmək prinsiplərini öyrədir, onlara öz iradə qüvvələrini, dözümlüyünü yoxlamaq imkanı verir, onları gözüaçıq, təmiz vicdanlı olmağa yönəldir.

İslamda ilin ayları arasında Ramazan ayı ən şərafətli və ən müqəddəs ay hesab edilir. Onu "on bir ayın sultanı" da adlandırırlar. Ramazan gecələrindən birində müsəlmanların müqəddəs kitabı Qurani-kərim nazil olub. Həmin gecə "Qədr" gecəsi adlanır.

Allah bütün tutulan orucları, qılınan namazları qəbul etsin!

Ramazan bayramınız mübarək olsun!

 

Giperssilka.ru