FAO azad edilmiş ərazilərdə 200 ha meşə sahəsinin bərpasına yardım edəcək

FAO azad edilmiş ərazilərdə 200 ha meşə sahəsinin bərpasına yardım edəcək

"Azərbaycanda meşə sahəsi üzrə bilik çərçivəsinin möhkəmləndirilməsi üçün meşə ehtiyatlarının qiymətləndirilməsi və monitorinqi" layihəsinin yekun seminarı keçirilib.

Giperssilka.ru APA-ya istinadən xəbər verir ki, seminarda çıxış edən BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Azərbaycandakı Tərəfdaşlıq və əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak qeyd edib ki, layihənin əsas məqsədi meşələrdə davamlı idarəetmə sistemini Azərbaycana gətirmək, meşələrin ekoloji, iqtisadi faydalarını, keyfiyyətini artırmaqdır:

"4 il ərzində meşəçilik üzrə bir sıra işlər icra edilib. Azərbaycanda davamlı meşə idarəedilməsi üçün təlimlər təşkil olunub. Meşə və tinglik təsərrüfatlarının idarəedilmə planları hazırlanıb. Ağdaş və Zərdabda yüzlərlə hektar meşə ərazisinin bərpası həyata keçirilib. Meşəçilik sektorunda dayanıqlılığın təmin edilməsi üçün Azərbaycan hökumətinin bütün təkliflərini dəyərləndirməyə hazırıq".

Ekologiya və təbii sərvətlər nazirinin müavini Vüqar Kərimov qeyd edib ki, FAO ilə əməkdaşlıq 20 ildən çoxdur davam edir:

"3 istiqamətdə fəaliyyətin qurulması ilə bağlı layihə təklifləri var. İnanıram ki, həmin layihələr də təsdiqlənəcək və növbəti illərdə həyata keçiriləcək. Təəssüf ki, meşələrin idarə olunmasında planlı təsərrüfat, sovet üsulundan çox da uzaqlaşa bilməmişik. Müasir idarəetmənin tətbiqinə çox ehtiyac var".

V. Kərimov qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə bioloji müxtəlifliyin qorunması, zəngin su ehtiyatlarından istifadə, mineral xammal ehtiyatlarına dəymiş ziyanların hesablanması və bununla bağlı iddiaların qaldırılması, meşələrin bərpası istiqamətində işlər gedir. İşğaldan azad olunmuş ərazilərdə FAO ilə birlikdə layihələr həyata keçirəcəyik. Bir layihə çərçivəsində 200 hektar meşə ərazisinin bərpası nəzərdə tutulur.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Azərbaycandakı Tərəfdaşlıq və əlaqələndirmə ofisinin rəhbərinin köməkçisi Barış Mehdiyev qeyd edib ki, layihə Qlobal Ekologiya Fondu tərəfindən maliyyələşib:

"Layihə 2018-2021-ci illərdə icra olunub. Məbləği 1 484 247 dollar olan layihə 3 komponentdən ibarət idi. Burada meşə resursları üzrə məlumat idarəetmə sisteminin formalaşdırılması, coxfunksiyalı meşə idarə sisteminin qurulması, monitorinq, qiymətləndirmə və məlumat mübadiləsi olub".

B. Mehdiyev deyib ki, pilot layihə çərçivəsində 101 hektar meşə sahəsi salınıb, 93 hektar sahə isə bərpa olunub.