Hacı İlqar İbrahimoğlu: "“Evdə qal” konsepsiyası əvvəlcədən yanlış idi"

"Amma bu hesablamalar öz yerində, “Evdə qal” əvəzinə əvvəlcədən "Sosial məsafəni qoru" strategiyası olmalı idi. O zaman, indi "Evdən çıx" vəziyyəti meydana gəldikdə, insanların "Sosial məsafəni qoru" vərdişləri əmələ gələrdi."

Hacı İlqar İbrahimoğlu:

"Dəyərlər" saytının təsisçi və baş redaktoru, "DEVAMM" sədri Hacı İlqar İbrahimoğlu koronavirus pandemiyasına qarşı Azərbaycanda aparılan tədbirlərlə bağlı fikirlərini bölüşüb. Giperssilk.ru "Dəyərlər"ə istinadən, bir sıra əhəmiyyətli məqamların yer aldığı yazını izləyicilərinə təqdim edir: 

 

"Mehriban və Bağışlayan Allahın adı ilə!

 

İctimai etimadın cəmiyyətdə mövcudluğunun zəruri və kafi şərti – bəlli oyun qaydalarının olması və istisnasız hər kəsin bu oyun qaydalarına riayət etməsidir.

Oyun qaydaları olmadıqda, yaxud onlara riayət edilmədikdə – ya ifrat olur, ya da təfrit.

 

İnsanlar nəyin, necə, nə üçün olmasını bilməli və hər addımın fəlsəfəsi ilə bağlı agah olmalıdırlar. Əks təqdirdə – ortada quru inzibatçılıq atmosferi qalır və o cümlədən, hüquqi nihilizm atmosferi bərqərar olur.

 

"Evdə qal" konsepsiyası öncədən yanlış idi. Bu, imkanlı Qərb ölkələrinə yönəli bir strategiya idi. Orada insanların şəxsi istifadəsində bir neçə aylıq maddi ehtiyatın olması – normal haldır. Üstəgəl, dövlət tərəfindən adambaşı 1000-1500 dollar müavinətləri də gəldikdə (bir ailəyə 5-6 min dollar edir) – Avropa və ya Amerikada evdə qalmaq, faktiki olaraq, istirahətin bir formasına çevrilir.

 

Bizdə isə işgüzar əhalinin azı 700 000 nəfəri günəmuzd işləyir. Bu, edilən sosial yardımlar və digər dolayısı göstəricilərlə tam bəlli oldu. Ailə üzvləri ilə birgə, bu, 3 milyona yaxın insan edir. Ölkə əhalisinin üçdə biri. Məlum idi ki, bu insanlar 1 həftə – 10 gündən çox evdə qala bilməyəcək. Deməli, minbir üsullarla bir tikə çörəyini qazanmağa çalışacaq. Ailə başçısı üçün, ailənin ac qalması zamanı evdə oturmaq necə təsəvvür oluna bilər?

 

Bunun üstünə, 190 manatlıq sosial müavinətlə bağlı heç cür anlaşılmayan bir situasiya gəldi.

Bununla bağlı elə əcaib və izaholunmaz bir durum meydana gəlib ki, özü ayrıca bir mövzudur.

 

Amma, ümumilikdə götürdükdə, yetərincə iqtisadçıların olduğu bir məmləkətdə, nədən sadə və əlçatarlı hesablamalar, aydın həllər ortaya gəlmədi?

 

Axı, vəziyyəti çox aydın bir çərçivəyə gətirmək olar.

Elan olunduğu kimi, iqtisadi və sosial durumun normallaşması üçün azı 2,5 milyard manat məbləğində pul nəzərdə tutulmuşdur.

 

Bu məbləğdən hamıya, sadəcə adambaşı 100 manat verilsə – bu, 1 milyard edir. Bütün ölkəyə – kiçikdən-böyüyə. İstisnasız. Ailəyə 400-500 manat pul düşür ki, qənaətlə dolanılsa, birtəhər vəziyyəti yola vermək olar. Və çağırış etmək də olar ki, imkanlı insanlar bundan imtina etsinlər. Onların almadıqlarını da daha kasıb təbəqəyə əlavə olaraq vermək olar.

 

Kiçik və orta sahibkarların ölkədə sayı, səhv etmiriksə, 500 min nəfərdən çox deyil. Hərəsinə 1000 manatdan 3000 manata qədər verilsə ki, işə başlayan müddətdə böyük korluq çəkməsinlər – bu, ortalama 1 milyard manat edir.

 

Nisbətən böyük dövriyyəsi olan sahibkarların sayını təqribən 30.000 nəfər götürsək, onların hərəsinə ödəniləcək 10.000 manat pul,  cəmi 300 milyonluq bir  rəqəm edəcək.

 

Karantindən birbaşa ziyan çəkən mehmanxana və bu kimi böyük obyektlərin, şirkətlərin sayını təqribən 2000 götürsək, onların hərəsinə 100 000 manat veriləcəyi təqdirdə, 200 milyon manat məbləği alınır.

 

Beləliklə, cəmi 2 milyard 500 milyon edir. Əlbəttə ki, pandemiyadan zərər çəkən infrastruktur mövzuları və digər məsələlər də var. Eləcə də nəzərdə tutulmayan, qəfil irəli gələn məsələlər var. Mövzu bu deyil. Sadəcə, şəffaf, aydın mənzərə olmalıdır.

 

Hesablamalar, metodik yanaşmalar, təsnifləndirmələr tam fərqli ola bilər. Təbii, əldə konkret rəqəmlər, dövriyyə, aktivlik əmsalları və digərlər olanda, hesablamalar daha dəqiq və əsaslandırılmış olur.

 

Söhbət ondadır ki, insanların əksəriyyənin konkret halına aid olan bir mövzunu həll edən məmurlar, başa düşülən və vəziyyəti maksimum yaxşılaşdıran həllər təklif etməlidirlər.
Amma bu hesablamalar öz yerində, “Evdə qal” əvəzinə əvvəlcədən "Sosial məsafəni qoru" strategiyası olmalı idi. O zaman, indi "Evdən çıx" vəziyyəti meydana gəldikdə, insanların "Sosial məsafəni qoru" vərdişləri əmələ gələrdi.

 

İndi isə, "Evdə qal"ın niyəliyi faktiki unudulub. Nə maska var və nə də sosial məsafəni qoruma. Strategiya düz seçilməlidir. İndi də hələ gec deyil. İcazəli evdən çıxma mövzusu, insanların təhlükə hissini kütləşdirib. İkinci dalğa gələ bilər.

 

Təcili surətdə inzibatçılıq yanaşması maarifçiliklə əvəzlənməlidir. "Sosial məsafəni qoru", “Gigiyenaya riayət et” vərdişləri cəmiyyətdə əsaslı yer alanda, lüzumsuz izolyasiyaya ehtiyac qalmır.

 

Strategiya düz müəyyən edilməsə, bu ikinci dalğanın yaranma təhlükəsi kifayət qədər ciddi görünür. Amma indidən işi düz tutmaq olar.

 

Allah qorusun!

 

Hacı İlqar İbrahimoğlu"

01.05.2020

Giperssilka.ru