Müqəddəs anlayışları əvəzləməyə nə ehtiyac var?

“...Braziliyadakı İsa Məsihin 38 metrlik möhtəşəm heykəlinə ağ xalat geyindirilməsi bu bəşəri bəla ilə mübarizədə həkimlərin missiyasının bütün mənalarını göstərir. Heyrətamiz bir mənzərə! Xilaskar İsa və xilaskar həkimlər...”

Müqəddəs anlayışları əvəzləməyə nə ehtiyac var?
Aerial view of the illuminated statue of Christ the Redeemer in Rio de Janeiro. Photo by Buda Mendes/Getty Images.
Müqəddəs anlayışları əvəzləməyə nə ehtiyac var?

Müqəddəs anlayışları əvəzləməyə nə ehtiyac var? - Hacı İlqar İbrahimoğlunun yazısı

 

Ölkə mətbuatında davamlı yazıları ilə çıxış edən yazarlardan birinin müqəddəs şəhid kəlməsinə qarşı yersiz yanaşmalarına DEVAMM sədri, ilahiyyatçı-filosof Hacı İlqar İbrahimoğlu reaksiya verib. Giperssilka.ru Deyerler.org-a istinadla təqdim etdiyi yazıda İ.İbrahimoğlu yazır:

 

"Əziz Nazim Sabiroğluna səmimi xatırlama

 

Subh namazı öncəsi mətbuatı nəzərdən keçirirdim. “İsa Məsih kimi xilaskarlar - həkimlərə şəhid adı verməyin...” yazısı diqqətimi çəkdi.

 

İlk əvvəl yazını “İsa Məsih kimi xilaskarlar - həkimlərə şəhid adı verilsin...” kimi oxudum. Maraqlı gəldi. Yazının içini oxuyanda fərqinə vardım ki, başlığı yanlış anlamışam.

 

Belə ki, "Yeni Müsavat"ın çox hörmətli yazarı yazının bir hissəsində böyük tolerantlıq ənənələrinə uyğun olaraq qeyd edir:

“...Braziliyadakı İsa Məsihin 38 metrlik möhtəşəm heykəlinə ağ xalat geyindirilməsi bu bəşəri bəla ilə mübarizədə həkimlərin missiyasının bütün mənalarını göstərir. Heyrətamiz bir mənzərə! Xilaskar İsa və xilaskar həkimlər...”

 

Yazının başqa bir hissəsində isə, gözlənilmədən bu təqdimatın tam bir əks performansı sərgilənir:

“...Virusla mübarizədə canını qıymış həkimlərə (və digər tibb işçilərinə) şəhid statusu verilməsi barədə təklifləri isə yersiz hesab etdiyimi də gizlətmirəm. Çünki biz öz həkimlərimizi koronavirusa qarşı “cihadçılar” və ya şəhid kimi seçdirsək, bu bəşəri mübarizəyə özümüzün dar çərçivəyə salınmış münasibətimiz olar. Həkimləri seçdirməyək, bölməyək, millətlərə ayırmayaq indi...”.

 

Bir neçə dəqiqə özümü əziz Nazim bəyin yerinə qoymaq istədim - necə deyərlər, empati qurmaq istədim.

Əcəba, bir səmimi azərbaycanlı, abırlı insan, niyə bu cür iki fərqli mövqe ortalığa qoymalıdır ki?!

 

Düşündüm, bəlkə bu günlərdə kimsə, bu kimi mövzularda nə isə əlahiddə gündəm yaradıb. Xatırlamadım. Bircə o yadıma düşdü ki, İslam dünyasında insan həyatının xilası uğrunda dünyasını dəyişmiş həkimlərin şəhid savabına malik olduqları böyük müctəhid alimlər tərəfindən qeyd olunmuşdur. Ölkə mətbuatında da bu mövzuda sual edildikdə, şərhlər də verilmişdi. Bu da ki, həftələr öncə baş verib.

 

Belə isə, nədən bu gün bu mövzu yenidən gündəmə gətirilir, özü də belə bir ziddiyyətli epatajlı başlıqla.

 

Burada yadıma düşür ki, siyasi xadimlərdən biri, bu günlərdə belə bir mövzunu jurnalistin cavabı olaraq gündəmə gətirmişdi.

 

Bu səbəbdən, bəlkə də ola bilsin ki, bu - həmən o çıxışa verilən reaksiyadır.

 

Olsun... Amma bununla belə, qeyd etməliyəm ki, məzmun və forma baxımından heç də uğurlu seçilməyib.

 

Qeyd olunan uğursuz reaksiyanı bir neçə baxımdan təhlil etmək istərdim:

 

1) Əgər din faktoru həkimlərin fədakarlığına uyğun görülmürsə, bu zaman nədən, məsələn, Braziliyada ediləndə heyrət ifadə edilir, özümüzdə olanda isə, qıcıq yaradır?

 

2) "Şəhid" sözü əziz Allahın ilahi kitabı olan – Quranın kəlməsidir. Azərbaycan insanı 20 yanvar faciəsindən sonra öz istiqlal cəfakeşlərini və ondan sonra Vətən uğrunda həlak olanlarını Şəhid adlandırır.

 

Bu söz ən pak və ali duyğularla işlədilir. Və ilk dəfədir ki, bu sözlə bağlı belə qıcıqlı redaksiya ilə qarşılaşıram.

 

3) O ki, qaldı Həzrət İsanın (ə) xilaskarlığı ilə şəhidliyi qarşı-qarşıya qoymaq cəhdinə (ki, əslində bu, mümkünsüz bir iş), qeyd etmək istərdim ki, bütün ilahi Peyğəmbərlər (s) bəşərin xilası üçün gəliblər və onların gətirdiyi ilahi dəyərlər uğrunda canlarını fəda etmiş şəxslər, öz mübarək şəhadətləri ilə, bəşərin xilası yolunu işıqlandırmışlar. Şahidlik etmişdilər...

 

Düşünürəm, qeyd etdiyim nöqtələr o qədər aydındır ki, bundan artıq izaha ehtiyac da yoxdur.

 

Hörmətli yazar Nazim Sabiroğluna sayğı və ehtiramla,

 

Hacı İlqar İbrahimoğlu"