Həya neçə cür olur?

Həya –  insani sifətlərdən olub, dinimizdə xüsusi əhəmiyyətə malik olan və imanla sıx rabitəsi olan keyfiyyətdir. Lüğətdəki mənası utancaqlıq deməkdir. Həya o zaman meydana gələr ki, insan ona kiminsə nəzarət etdiyini hiss edər. İstər Allah olsun, istər mələklər və İmamlar (ə) olsun və istərsə də adi insanlar.

Həya neçə cür olur?

Həyanı iki dəstəyə bölürlər: nəfsani və imani həyaya. Nəfsani həya odur ki, insan təbii olaraq utancaqlıq edir.

İmani həya nəfsani həyadan daha ucadır. İnsanın imanı hər nə qədər güclü olarsa, bu həya da artar.

 

Cərcani deyir: 

“Həya iki cür olur: nəfsani və imani. Nəfsani həya o utancaqlıqdır ki, Allah Təala onu bütün nəfslərə qoymuşdur. Misal üçün, çılpaq gəzməkdən həya etmək kimi.
İmani həya – o utancaqlıqdır ki, mömini Allah qorxusuna görə günahdan saxlayar”.

 

Mərhum Məclisi yazır: “Həya – o sifətdir ki, insanın qəbahətli və çirkin işlərə düçar olmasına mane olar”.

 

Bəs iffət nədir?

 

İffət – lüğətdə özünə hakim olmağa deyilir. Şəhvətin əks mənası hesab olunur. İffət nəfsdə olan elə bir haldır ki, insanın şəhvətə qalib gəlməsinə səbəb olur. İffət həmçinin Allahın haram buyurduğundan çəkinməyə də aid edilir. İffət ruhu günahdan saxlayar. İffət sahibi olan insan dilinə nə qeybət gətirər, nə yalan. Yersiz söz danışmaqdan çəkinər. İffətə sahib olan insan zina etməz.

 

Həzrət Peyğəmbər (s) buyurur: 

 

“Ümmətim barəsində qarınpərəstlik və şəhvətpərəstliyə görə qorxuram”.

 

Əgər həya ilə iffəti müqayisə etmək istəsək görərik ki, bu iki söz bir-birinə yaxın olan sözlərdir. Hər kimin həyası olar – iffət göstərər. O kəs ki, iffətlidir – ətəyini çirkləndirməz. Günahdan xəcalət çəkər.

 

Həyadan uzaq olmaq – iffətdən uzaq olmaq deməkdir. O insan ki, pakətəkli deyildir, həyadan uzaq olar.

 

İmam Əli (ə) buyurur: “Ən aqil insan – onların ən həyalısıdır”.

 

İmam Əli (ə) buyurur: “Ən üstün həya – Allahdan həya etməkdir”.

 

Həzrət Əli (ə) başqa yerdə buyurur: “Dinin ən yaxşı libası – həyadır”. (Həvzəh)

 

İmam Baqir (ə) buyurur: “Ən üstün ibadət – iffət və qarın paklığı və ətəyin təharətli olmasıdır”.

 

/Deyerler.org/Giperssilka.ru