İlqar Kamil: “Polad Həşimov təkcə Azərbaycan xalqı üçün deyil, bütün dünya insanı üçün örnək ola biləcək şəxsiyyətdir!”

İlqar Kamil: “Polad Həşimov təkcə Azərbaycan xalqı üçün deyil, bütün dünya insanı üçün örnək ola biləcək şəxsiyyətdir!”

Bir müddət əvvəl şəhid general Polad Həşimov barədə yazıçı İlqar Kamilin “Polad necə bərkidi?” adlı esselər kitabı işıq üzü gördü. Kitab oxucular və ədəbi mühit tərəfindən yaxşı qarşılandı.

Giperssilka xəbər verir ki, “Kaspi” qəzeti mövzu ilə bağlı məqalə dərc edib.

“Parlaq imzalar” nəşriyyatı tərəfindən çap olunan kitaba oxucu marağını nəzərə alaraq, müəlliflə ədəbi söhbəti təqdim edirik:

- Əsərinizin adını Nikolay Ostrovskinin əsərinin adından götürübsünüz: “Polad necə bərkidi?” O əsərdə söhbət daha çox qəhrəman Pavel Korçaginin şəxsi faciələrindən gedir. Nə üçün xalq yolunda qurban gedən şəhid general Polad Həşimov haqqındakı kitabınızın adını şəxsi faciələri əsas sayan qəhrəmanla bağlı əsərdən almısınız?

- Yəqin, bu daha çox mənim bir psixoloq kimi xüsusi dəsti-xəttimlə əlaqəlidir. Belə ki, bəzən müəyyən şəxsi narahatlıqlarla mənə müraciət edən pasiyentlərimi gerçək, dərin və İlahi bir dərdlə tanış etmək kimi bir metodum var. Onlara yeni bir maraqlı dərd təqdim edirəm - dərhal əllərindəkini atırlar yerə. Təəccüblənməyin, insan belə yaradılıb, tez-tez dostlarıma deyirəm ki, inanın, bütün bu xırda-para dərdlərimiz böyük dərdlərimiz olmadığı üçün üzərimizdə belə ağalıq edirlər. Meydanı boş görürlər. Bunu haradan öyrənmişəm? Kitablardan! Hötenin “Gənc Verterin iztirabları”nı oxuyanda düşünmüşdüm: bir roman yazım, adını da qoyum, məsələn, “Gənc Əhmədin iztirabları” və orada göstərim, gerçək iztirab necə olur, necə olmalıdır, hansı iztirablar insanı intihar həddinə gətirsə, haqqı var və s. Demirəm Verterin iztirabları xırda idi, dəyərsiz idi, amma nəyəsə görə onlar məndə intihara haqq qazandıra bilmədi. Ümumiyyətlə, müasir depressiv insanın xilasını, həm də yeni dövrün individualizasiyasında - şəxsi həyat, şəxsi dərd, şəxsi faciə bəlasından xilasda görürəm, yəqin ad seçimimin alt şüuru budur.

- Kitabınızdan görünür ki, Polad Həşimovu mifik obrazlı yox, real qəhrəman kimi tanıtmağın tərəfindəsiniz. Müharibə təhlükəsinin tam sovuşmadığı xalq üçün hansı daha çox lazımdır, mifik obrazlı, yoxsa real qəhrəman?

- Hər ikisi lazımdır, hərəsinin öz yeri var, lakin məncə, bütün miflərin həqiqət payı var, mif, mənə görə, reallığın şişirdilmiş formasıdır, yoxdan mif yarana bilməz. General Polad Həşimov isə dörd dördlük reallıqdır, mən onu necə mif kimi təqdim edə bilərdim? Üstəlik, kitabı yaza-yaza bu qənaətə gəlmişdim ki, mifik qəhrəmanlar daha çox nəzəriyyə, real qəhrəmanlar isə praktikadırlar və məncə, indiki halda bizə ikincilər daha çox lazımdır.

- Siz də Polad Həşimovdan yazmısınız, amma qeyd edirsiniz ki, ondan hamının yazmaq imkanının olması yaxşı hal deyil. Sizcə, bunun nəyi ziyanlıdır?

- Polad Generaldan hamı yaza bilər, yazır da. Kitabda da bu mövzuya qısa toxunmuşam: şəhidlər haqda yazmaq, film çəkmək və s. hamısı gözəldir, lazımdır, zəruridir, amma mənə görə, onların ruhunu şad etməyin ən doğru yolu onlara bənzəməkdir. Dərhal müharibə arzulamaq, səngər axtarmaq lazım deyil, xeyr, olduğumuz hər yer səngərdir. Hərə öz səngərinin Poladı olsa, ölkəmiz gülüstana çevrilməzmi? Mən kitabda demək istəmişəm ki, yazıçının kimin haqda nə yazdığına deyil, necə yaşadığına baxın, onun şəxsi həyat tərzi, haqqında yazdığı adam kimi deyilsə, yazdıqlarının da bir təsiri olmayacaq. Bu kontekstdən yanaşanda tam səmimi deyirəm, mən də general haqda yazmamalı idim, amma yazdım. Bəlkə də, məni yazmağa cəsarətləndirən özüm haqda bu düşüncəm oldu: mən yaxşı adam olmağa çalışan və hələ ki, bunu bacarmayan pis adamam və şair demiş, ölənəcən davam edir doğulmaq prosesi... Bənzəmək demişkən, sizə Rusiyanın Kazan şəhərində restoranlardan birində ofisiant işləyən oxucumdan danışım. Keçən il təsadüfən rastlaşmışdıq, tanış olandan sonra demişdi ki, müəllim, sizin yazıların heyranıyam. Yanılmıramsa, bir kitab da bağışlamışdım ona:

“Yerlə göy arasında”. Bu dəfə də Kazanda yolumuz həmən restorana düşdü, sinini əlində dəf kimi tutub qarşımızda tütək kimi duran ofisiantdan ustufca onu soruşdum, dilini süründürdü:

“Müəllim, necə deyim, bir həftə əvvəl başına iş gəlib deyə, şəhərdən çıxarmışıq”. Düzü, “qız-qadın söhbətidir” düşünüb çox qurcalamaq istəmədim, eləcə, dilucu işarə elədim ki, hər şey yaxşıdır? “Dəfi” həvəslə qaldırdı qulağının dibinə:

“Müəllim, bir yekəpər rus iş adamı vardı, hər dəfə bura gələndə ofisiantlarla məzələnir, onları təhqir edirdi, bezdirmişdi hamımızı, di gəl, heç kim işinin xətrinə ona heç nə deyə bilmirdi. Aşursa dözmədi, növbəti təhqir və qoçum masanın üstündən butulkanı götürüb çırpdı başına əclafın!!!” Ofisiant bunları deyib dayandı, yanımdakı dostlar sandı ki, Aşuru qınayacağam, mənimsə, əksinə, ürəyim dağa döndü, “əhsən, əlinə sağlıq, belə də lazım idi” dedim. Nə bilmişdiniz, mən Cavanşir obrazını yaradan adamam e, durub deyəcəyəm ki, niyə belə edibsən? Bu itə bir “dur” deyən lazım idi, ya yox? Elə bir az pulun var deyə, kimi gəldi təhqir edəcəksən və heç kim sənə güldən ağır söz deməyəcək? Odur, gəlin sizə bir sirr açım: haqqın ən böyük problemi batilin nazı ilə oynamaqdır! Axırda videogörüntü ilə danışmalı oldum Aşurla, dedim, qardaşım, o nə oyundur çıxardıbsan, hər halda diqqətli ol, özündən muğayat ol. O isə bütün igidlər kimi susur və eləcə gülürdü... Təsəvvür edin, sonradan öyrənmişəm ki, Aşur general Polad Həşimovun əsgəri imiş. Əlavə şərhə ehtiyac varmı?