İmam Xomeynin həyatı, ədəbi və siyasi həyatına baxış FOTO

İmam Xomeynin həyatı, ədəbi və siyasi həyatına baxış FOTO

3 iyun 2021-ci ildə Ayətullah-uzma Seyid Ruhullah Musəvi Xomeyninin (rə) vəfatının 32-ci ildönümüdür. Belə bir məqamda İmam Xomeyninin (rə) həyatına, ədəbi yaradıcılığına, qeyri-siyasi fəaliyyəti və digər cəhətlərinə diqqət ayırmaq istəyirik.

 

Erkən yaşları

 

Ayətullah-uzma Seyyid Ruhullah Musəvi Xomeyni (rə) 1902-ci ildə sentyabr ayının 24-də İranın Xomeyn şəhərində ruhani ailəsində dünyaya göz açıb. Atası dövrünün tanınmış din alimlərindən hesab olunan Seyid Mustafa Musəvidir. Ruhullah Xomeyni hələ 5 aylığındaykən inqilabçı və mübariz atası bu yolda şəhid edilib. Şəhid atasının ruhu və mücahidliyi də onun tutduğu yolda sanki bir bələdçiyə çevrilmişdi. Beləcə, körpə yaşından yetim qalan Ruhullah anasının və xalasının himayəsi altında yaşamağa başlayıb. O, 15 yaşında olarkən bu doğmalarını da itirib. Bundan sonra dayılarının köməkliyi ilə ayaqda dayanmağa çalışıb.

 

Təhsili

 

Farscayla əlaqədar ilk təhsilini evdə və 15 yaşından sonra da İslami dərsləri böyük qardaşı Ayətullah Pəsəndidən almağa başlayıb. İmam Xomeyni uşaqlıq və yeniyetmə çağlarından İslam maarifi, səth elmləri, məntiq, fiqh, üsul, ərəb dili və ədəbiyyatı və digər elmlərə yiyələnib.

Ayətullah Hairidən dərs ala bilmək üçün 1919-cu ildə İraq elmiyyə hövzəsinə qəbul olur. Ayətullah Hairi daha sonrakı illərdə təhsil mərkəzini Qum şəhərinə köçürür, İmam Xomeyni (rə) də Quma gedərək orada 1935-ci ilə qədər Ayətullah Hairi və digər ustadlardan faydalanır. Fiqh və üsul dərslərində müvəffəqiyyət qazanaraq qısa zamanda ictihad (müctəhidlik) dərəcəsini əldə edir.

Ruhullah bu dövrdən sonra regional mənsubiyyətini bildirən Xomeyni ləqəbini götürür. Məlumat üçün bildirək ki, 1925-ci ilə qədər İranda hər kəs adı və soyadı ilə tanınırdısa, həmin il qəbul olunan yeni qanunlara görə vətəndaşların regional mənsubiyyətini ifadə edən xüsusiyyəti də kimlik məlumatlarına əlavə olunmalıydı. Xomeyni ləqəbinin ortaya çıxması da bu qanunla bağlı idi.

Ayətullah Hairi vəfat etdikdə İmam artıq Qum hövzəsinin ən sayılıb-seçilən alimlərindən olmuşdu. Fiqhdə ictihad səviyyəsinə çatmasının yanında astronomiya, fəlsəfə, təfsir, əxlaq, irfan, hikmət digər elmi sahələrdə çox öndə idi. Hələ 27 yaşındaykən çox əhəmiyyətli əsərlərdən olan “Misbâh’ül Hidayə” adlı kitabı qələmə almışdı.

İmama bir inqilab liderliyi xüsusiyyətini verəcək bütün irəliləyişlər bu dövrdə başlamışdı. O, həm yaxşı bir müəllim, həm də yaxşı bir alim olmaqla yanaşı, siyasi fəaliyyəti ilə bir lider kimi özünü yetişdirmək üçün çalışdı.

 

Müəllimliyi

 

Müəllim olsa da hər zaman özünü tələbə kimi hiss etdiyini söyləyən İmam Xomeyni (rə) müəllim fəaliyyətinə 1920-ci illərdən başlayıb. Ayətullah Xomeyni (rə) çox gənc yaşlarında - 1920-ci illərdən etibarən fəlsəfədən, məntiqdən, bəzi dini fənlərdən, eləcə də təhzibi-nəfsdən dərs deyərək tanınmış Qum alimləri arasında öz yerini tutub. Sonralar isə fiqh və üsul dərslərinin məşhur ustadlarından biri olur.

 

Paklanma yolunda

 

İmamı digər bütün insanlardan fərqli edən, onu mübarizəsində müvəffəqiyyətə çatdıran ən böyük amil onun davamlı elmə yiyələnmə ilə paralel təqva sahibi ola bilmək üçün görmüş olduğu işlərdir. Gerçək məlumatın təqva ilə mümkün olduğuna inanan İmam Xomeyni (rə) uşaqlıq dövründən etibarən özünü təmizləməyə başlamış, İslami təhsillə yanaşı mərhum Şahabadi və Mirzə Cavad Məliki Təbrizi kimi böyük ariflərdən Allaha çatma və nəfsi təzkiyə etmə (paklama) yolunda təhsillər almışdı. Bu da İmamı yalnız Allaha bağlamışdı, Onun tək məqsədi Allahdan qorxaraq, yalnız onun üçün çalışmaq və Peyğəmbərin (s) yolunda xidmət edə bilmək idi. Heç bir zaman mövqe və maddi mənfəətlər ardınca olmadı, çünki Allaha çatanlar dünyanın nə qədər müvəqqəti və dəyərsiz olduğunun fərqindədirlər.

 

Evliliyi

 

İmam Xomeyni (rə) 1928-ci ildə Ayətullah Hacı Mirzə Məhəmməd Tehraninin qızıyla evlənir. Bu evlilikdən iki oğlu və üç qızı dünyaya gəlir. İmamın (rə) böyük oğlu Höccətül-İslam Seyid Mustafa, ikinci oğlu isə Seyid Əhməddir. Qızları isə Siddiqə, Fəridə və Fatimədir. İmam Xomeyni (rə) ailəsinə çox bağlı idi. Ömrünün son anlarına qədər həyat yoldaşına olan sevgisi əsla azalmadı, ona qarşı dərin məhəbbət və ehtiram bəsləməkdə idi. Uşaqlarını da eyni şəkildə sevgi və İslami təhsillə yetişdirdi.

 

Ədəbi yaradıcılığa verdiyi önəm

 

Öz mədəniyyəti və irfanı ilə parlayan İmam (rə) mədəniyyət, elm və yaradıcılığa daha çox önəm verirdi. O, bu barədə belə deyirdi:

“Mədəniyyət bütün xoşbəxtlik və bədbəxtliklərin qaynağıdır. Millətlərə yaradıcı şəkildə xidmət edən mədəniyyət düzgün mədəniyyətdir. Qarın, çörək və su mədəniyyət ölçüsü deyil, insan şərafət, mədəniyyət kateqoriyasıdır. İnsan nə qədər ki, top-tüfəngin kölgəsində həyatını davam etdirir, əsl insan ola bilmir, insanlıq məqsədinə yetişə bilmir. Çalışın öz qələm və bəyanınız ilə pulemyotları kənara qoyun, meydanı elmə, biliyə və qələmə verin”.

 

İmam Xomeyni (rə) ədəbiyyat və şeir sahəsində

 

İmam Xomeyninin (rə) qərb imperializmi və Pəhləvi diktatorluğu qarşısında göstərdiyi igidlik ruhuna görə çox az insan onun kimi dahi siyasətçinin ədəbiyyat və şeir sahəsinə ətraflı baxışı olmasına inana bilərdi. Tarix boyunca İranın İslami və zəngin ədəbiyyatında (Fars ədəbiyyatı) irfanla ədəbiyyat arasında xüsusilə şeir sahəsində çox güclü bağlılıq olub və onun yüksək cilvələrini Hafiz, Mövlanə, Şəhriyar, Nizami, Xaqani və başqa böyük sənətkarların əsərlərində tapmaq olar. İmam Xomeyni (rə) batinində olan eşq və irfanı öz süluk üsuluna məhz, təmiz və ilahi hisslərinin çıxışını şeir şəklində ifadə edir. Bu barədə ədəbiyyat sahəsinin böyüklərindən, o cümlədən şirin sözə sahib olan Hafizdən ilham alır və onun kimi irfani qəzəllər sahəsində öz sənətkarlığını nümayiş etdirir.

İmamın şeirləri, xüsusilə onun qəzəlləri çox ali və məqbul səviyyədədir, elmi zənginlik və irfani xüsusiyyət baxımından yüksək dəyərə malikdir. Bəllidir ki, bu şərif insan şair deyil, lakin şeir onun üçün yüksək və böyük ruhunu açıqlama və ifadəsi üçün bir alətdir. Bəlkə də deməliyik ki, imamın şeirlərində olan məna, sənət gözəlliyindən daha üstündür. İmamın (rə) şeiri həyəcanlı və romantik bir ruhun pıçıltısıdır ki, təklikdə kəlmələrdən istifadə edərək sınıq könlün sirrini öz Allahından xahiş və tələb edib. O, Mövlananın dediyi kimi, içindəki qan qaynadıqda, şeirlə ona bir rəng verərdi. İmam (rə) öz şeir deməsi haqqında buyurub:

“Mən gerçək olaraq deməliyəm ki, nə şeir və düşüncə mövsümü olan gənclikdə ki, indi ötüb, nə arxada qoyduğum qocalıqda və nə də indi onunla əl yaxa olduğum halımda şeir demək gücüm olmayıb”.

İmamın (rə) ifadəsi də müəyyən bir üsluba sahibdir; İmam (rə) qafiyəyə fikir vermədən, təklif olmadan, çox sadəcə ürəyindən keçəni dilə gətirib və kağıza köçürüb. Beləliklə, İmamın (rə) qəzəllərinin xoşa gəlimliliyi onun sadə olmasından qaynaqlanır. Deməliyik ki, bir şeirə lazım olan müxtəlif xüsusiyyətlər təbii olaraq imamın şeirində işlənib.

 

Ədəbi yaradıcılığı

 

Həzrət İmam Xomeyninin (rə) zahiri şəxsiyyəti siyasi rəhbərlik idi, lakin o, yalnız adi bir siyasətçi deyildi, həm də filosof, arif və fəqih olan bir siyasətçi idi. O, özünün fitri istedadının köməyi ilə gəncliyin ilk illərindən başlayaraq ömrünün axırına qədər şeir yazıb. İmam (rə) o şəxslərdəndir ki, xüsusi hal və məqamda açılmaz sirlərin təzyiqi altında və zövq zərurətinin təsiri ilə şeir yazırdı.

Seyid Ruhullah Mustafavi Musəvi Xomeyninin (rə) ədəbi irsinə sağlığında qoyulan qadağa (yazdıqlarının çapını özü istəməyib) onun ölümündən sonra götürülüb. İmam Xomeyni (rə) tək dini-siyasi lider yox, həm də şair, filosof, İslam mövzusunda yazılmış elmi, fəlsəfi əsərlərin, məqalələrin müəllifidir. 

İmam Xomeyni (rə) poeziyasında özgə rəng yoxdur. Hər söz, hər misra İslam təfəkkürünün məhsuludur. İslam onun yaradıcılığının, bütün şeirlərinin, qəzəllərinin, rübailərinin ovqatıdır. Tanrı eşqi, nigaranlıq, bəyaz işıq. Şair kimi Ayətullah Xomeyni (rə) bütün varlığı ilə islam əqidəsini, dini dəyərləri ömür mənası ilə vəhdətə gətirən müdrik bir Allah aşiqi kimi görünür. İlahi eşqin axarından süzülən sözə güvənən müəllif həyatın maddi puçluğunu anladığından, ruhlar dünyasındakı taxtını gözlədiyini yazır, içindəki işığa güvənib qurduğu mənəvi ağ saraya gedən yolun yolçusu olduğunu dilə gətirir. İmam Xomeyni (rə) gələcəyini Allahında görən, taleyinə əlavə edə bilməyən ixtiyarsız mömin kimi özünü təqdim edir. Hərdən nadanlardan bezib tənhalığa üz tutan şair vəfasız insanlardan incidiyini də söyləyir:

 

Hiyləgərlər bu cahanda nə sevir, bixəbərik,

Müstəqil fikri olanlar nə çəkir, bixəbərik...

 

Şərqşünas alim Mübariz Əlizadənin İslam inqilabı rəhbərinin yazdıqlarından etdiyi bəzi çevirmələri təqdim edirik:

 

***

Ya Rəbb, məni var-yoxun atanlardan et!

Lütf eylə, könül əziz tutanlardan et!

Qurtar məni xanəgəhdən, həm mədrəsədən,

Məcnun kimi qəlbi yol tutanlardan et!

***

Qibləmdi qaşın tacı, namazım onadır,

Könlümdə adın, razü-niyazım onadır.

Hacət, gözümü iki cahandan çəkərəm,

Göz vursan əgər mənə, niyazım onadır.

***

Əfsus, keçib getdi cavan günlərimiz,

Fani bu cahanda olmadı xoş dəmimiz.

Dünya nə üçünmüş, hələlik gizli qalır,

Bir ömrü güman ilə başa vurduq biz.

Siyasi fəaliyyəti

 

İmam Xomeyni (r) 1950-ci illərdə Rza şaha və Pəhləvi sülaləsinə qarşı mübarizəsini gücləndirir. Çünki bu dövrdə rejimin dindarlara qarşı təzyiqləri güclənir, din əleyhinə bir sıra qərarlar qəbul edilir. O, 1958-ci ildə əyalət və vilayət cəmiyyətlərinin qurulması və şahın qəbul etdiyi altı maddəlik qanunun qüvvəyə minməsi ilə şah rejimi əleyhinə ciddi şəkildə mübarizəyə başlayır. Onun müqavimət, zülmə baş əyməmək yolu İmam Hüseyn (ə) məktəbindən aldığı dərslərə əsasən formalaşmışdı. Bu dövrdən başlayaraq İran xalqı zülmə qarşı və haqqı müdafiə edən şəxsin şüar və moizələri ilə yeni dini rəhbərin kölgəsini hiss etməyə başladı. 

Şah rejiminə qarşı mübarizə onun apardığı mübarizənin əsas taktikalarından biri idi. Zülmkar şahın iç üzünü açaraq xalqı oyatmaq onun moizələrinin əsası idi. Bu moizələrin bu məqalədə hamısını qeyd etməyin mümkünsüzlüyünü nəzərə alaraq sizə bir neçə tarixi cümlələri diqqətinizə çatdırmaq istəyirik. 

 

Şaha tarixi mesaj

 

“Ey Şah, bir zamanlar zəmanə müctəhidləri İrandan köç edəcəklərini sənə bildirmişdilər. Ancaq mən sənə deyirəm: “Bu qanunu ləğv etməsən, səni İrandan köçürəcəm.!”

- deyərək dövrünün və ondan sonrakı nəsillər üçün bir şücaət və mərdanəlik məktəbinin banisi kimi diqqəti çəkir. 

 

Xalqa müracət...

 

Bu qanuna etiraz edərək çıxışında bu cümlələrə yer verir:

“İzzətimiz tapdalandı, İranın əzəməti aradan getdi, İran ordusunun əzəmətini tapdaladılar. Parlamentdə bir qanun qəbul edildi ki, İranı Vyana müqaviləsinə əməl etməyi boynuna qoydular. Bir sözlə, İrandakı hərbiçilərin ailələri, özləri, malları və texnikaları onların hər növ cinayətləri müqabilində əmniyyətdə olacaq. Ey cənablar, mən xətər-təhlükə elan Ey İran Ordusu, mən xətər-təhlükə elan edirəm! Ey İran siyasətçiləri, mən xətər-təhlükə elan edirəm! And olsun Allaha, fəryad etməyən hər bir kəs günahkardır. And olsun Allaha, fəryad qoparmayan hər bir kəs böyük günah etmişdir! Ey İslam başçıları, İslamın dadına çatın! Nəcəf alimləri İslamın dadına çatın! Qum alimləri İslamın dadına çatın!”. 

Bəli, bir çox hədə və təhdidlərə baxmayaraq İmam Xomeyni (rə) şah və imperialist ölkələrə müharibə elan edərək İslamın və İranın azadlığa qovuşması üçün əlindən gələni əsirgəməyəcəyini qarşısına məqsəd qoymuşdu.

 

Həbs edilməsi və sürgün olunması

 

1961-ci il 5 iyunda baş verən qanlı hadisədən sonra rejim əleyhinə söylədiyi bir nitqinə görə həbs edilərək Tehrandakı İşretabad hərbi həbsxanasında saxlanılır. 1965-ci ilin 4 noyabrında Türkiyəyə sürgün edilir. İmam Xomeyni (rə) bir müddət orada qaldıqdan sonra Türkiyə hökuməti onu İraqa sürgün edir. O, müqəddəs Nəcəf şəhərində məskunlaşır. Burada 13 il sürgün həyatı yaşayır.

İmam Xomeyni (rə) İraq sürgünündə qaldığı bir zamanda İranda sosial vəziyyət gərginləşməkdə davam edirdi. Müsəddiqin hakimiyyətdən devrilməsinə baxmayaraq, onun ortaya qoyduğu milliləşmə siyasəti bütün Qərbi Asiya ölkələrinə yayılmağa başlamışdı. Bu ideyanın yayılmasında imperilazmin amansız istismarı kimi, işğalçı İsrailin ərəblərə qarşı zülmü də ciddi rol oynayırdı. 1967-ci ildə tarixə bütün ərəb ölkələrinin məğlubiyyəti kimi düşən 6 günlük müharibə Qərbi Asiyada populyar olan millətçilik ideyasının tənəzzülüylə nəticələnirdi. Elə həmin ərəfələrdə İmam Xomeyniylə (rə) İranda başlayan dini inqilabi hərəkat ideyası istər-istəməz ərəb dünyasında da yeni tendensiyaların ortaya çıxmasını tətikləyirdi. Xüsusilə onun Fələstin məsələsiylə bağlı çıxışları ilk dövrlər ərəblər arasında da rəğbətlə qarşılanırdı.

İmam Xomeyni (rə) İraqda olduğu illərdə Pəhləvi rejimi ilə mübarizəyə rəhbərlik edirdi və 1978-ci ildə Pəhləvi rejiminin İraqın Bəs rejimi ilə koordinasiya etməsi ilə İmam Xomeyni (rə) İraqı tərk etməyə məcbur oldu. Səddam Hüseyn İmam Xomeynini (rə) İraqdan Fransanın paytaxtı Parisə sürgün edir. Parisə getməklə imamın mübarizə və inqilabı əsaslı mərhələyə daxil oldu.

İmam Xomeyninin (rə) Parisdə olması və onun sözlərinin qərb medialarında əks etdirilməsi Pəhləvi rejimini zəiflik və təcridə saldı. Onun dəqiq rəhbərliyi ilə İran xalqının İslam İnqilabı şahın və şahlıq ailəsinin İrandan çıxması ilə zirvə nöqtəsinə daha da yaxınlaşdı.

 

İnqilabdan öncəki son hadisələr

 

Müsəddiqlə başlayan və İmam Xomeyniylə (rə) yeni rəng alan imperializmə qarşı mübarizə 1973-cü ildə OPEK-də təmsil olunan ərəb ölkələrinin neftdən strateji silah kimi istifadəsinə yol açdı. İsraili dəstəkləyən ölkələrə neft satmayacağını bəyan edən ərəblərin bu etirazları öz təbii sərvəti olan ABŞ-a heç bir təsir etməsə də, tamamilə başqa istiqamətdə ciddi nəticələr doğurdu; neftin qiyməti gözlənilməz dərəcədə bahalaşdı. 1973-cü ilin yanvar ayında bir barreli cəmi 2,59 dollar olan neft həmin ilin oktyabr ayında 5.11, 1974-cü ildə isə 11.65 dollara sıçradı. Bu isə bir il içində 400% artış demək idi və bütün sənaye ölkələrini qorxudurdu.

1973-74-cü illərdə neftin qiymətlərinin bu şəkildə artması İran xalqının rifahına heç bir təsir etmirdi. Neftdən gələn pullar sadəcə şahı və onun ətrafını zənginləşdirir, sadə xalq kütləsi isə daha da kasıblaşırdı. Kasıblaşma prosesində həyata keçirilən torpaq islahatlarının və zənginləşən oliqarxların münbit əraziləri almasının da mühüm rolu vardı. Beləcə getdikcə çörək ağacını itirən yerli əhali bir də şah ailəsinin astronomik xərcləmələrinin və dəhşətli israfçılığının şahidi olurdu. Getdikcə sosial narazılığın son həddə çıxması inqilabi situasiyanı dərinləşdirirdi. Nəhayət 1978-ci ildə yaşanan iki hadisə dolmuş bardağı daşıran son damlalar oldu. Hadisələrdən biri ölkədəki bütün iş adamlarının şahın qurduğu “Diriliş” partiyasına məcburi üzvlüyü və Məhəmməd Rza Pəhləvinin kiçik və orta sahibkarları geridə qalmışlıqla suçlaması idi. Bu hadisə istər-istəməz iş adamlarının da dini müxalifət ətrafında toplaşmasına yol açdı.

Səbr kasasını daşıran əsas hadisə isə rəsmi qəzetlərdə İmam Xomeynini (rə) təhqir edən bir yazının dərc olunmasıydı. Buna qəzəblənən tələbələr 1978-ci il 6 fevral tarixində ayağa qalxdı. Üsyanın qarşısının sərt şəkildə alınması nəticəsində bir neçə tələbə öldü. Daha sonra həmin tələbələrin dəfni yeni dalğavari etiraz aksiyalarına səbəb oldu. Yenə də eyni ölüm hadisələri yaşandı. Müqəddsə Qum şəhərindən başlayan proses Təbrizlə davam edərək daha da vüsət aldı. Üsyançılar yoldaşlarının 40 mərasimində növbəti aksiya keçirməyi qərara aldılar. Hər 40 mərasimi yeni ölümlər gətirdi və getdikcə bu proses bütün İrana yayıldı. Şah rejiminin qətl etdiyi adamlar arasında İmam Xomeynin (rə) oğlunun olması rejimə qarşı mübarizəni daha da sərtləşdirdi.
 

 

 

İnqilabın zəfəri

 

Getdikcə nüfuzu artan bəzi önəmli din adamları əsgərlərin hadisələrə qarışmaması haqqında fətva verdilər. Nəticədə ordu şahı dinləmədi və Məhəmməd Rza 1979-cu il 16 yanvar tarixində tətilə getmək bəhanəsilə ölkədən qaçdı. 1 fevralda isə İmam Xomeyni (rə) Tehrana qayıtdı. Böyük izdihamla qarşılanan yeni lider 1979-cu il fevralın 11-də İran İslam Cümhuriyyətinin qurulduğunu elan etdi.

1979-cu il 11 fevraldan 1989-cu il 3 iyula qədər Həzrət İmam Xomeyni (rə) inqilabın rəhbərliyini öz çiyinlərində daşıyır, inqilab və ölkəni təhlükəli hadisələr, müxtəlif məkrli planlar, İraqın elan olunmamış 8 illik müharibəsi və sanksiyalardan qoruyur və rəhbərlik edir.

 

Dünya hegemoniyasına zərbə

 

Sanki İmam Huseyndən (ə) buyurulan “Mənim kimilər Yezid kimilərə boyun əyməzlər” və ya “Zillət bizdən uzaqdır” hədisləri və ya şüarlarına həyatı ilə əməl edən İmam Xomeyni (rə) dünya hegemoniyasına bir neçə illik zərbə vurdu. İslam İnqilabından sonra dünya məzlumları və müstəzəflərinin pənah evinə çevrilən İran o gündən başlayaraq zülmkar dünya hegemoniyasının rahat nəfəs almasında bir maneəyə çevrilib. Əməl etdiyi dini tədris sanki onun gündən günə parlayaraq “Haqq bərpaçısı” olmasını sübut edirdi. İmamın (rə) dünyada neokolonist siyasətə qarşı apardığı fəaliyyətlər bu günlərdə də davamçıları tərəfindən davam etdirilir.

 

Vəfatı və dəfndə böyük izdiham

 

Doğumundan vəfat etdiyi günə qədər imamın həyatını araşdırdıqda, onun bu qədər böyük uğurlara Allaha olan möhkəm bağlılığı sayəsində imza atdığını görürük. O, Allah üçün yaşadı, bütün mübarizəsini Allah yolunda etdi və bu yolda da vəfat etdi. Ölümünə qədər onun yeganə arzusu hansı məzhəb və fikirdən olursa-olsun, bütün müsəlmanların İslam bayrağı altında birləşərək zalım və imperialist güclərə qarşı mübarizə etmələri idi.

İmam (rə) irəli fikirli bir öndər, yaxşı bir dövlət idarəçisi, məlumatlı bir müctəhid, Allaha çatmış bir arif, ən yaxşı şəkildə qavrayan filosof və bütün inananlar üçün şəfqət dolu bir ata idi.

4 iyun 1989 tarixində Məhbubunun çağırışına “ləbbeyk” deyərək razılıq etdi. Fəna aləmindən davamlılıq aləminə, ağrılar diyarından xoşbəxtlik diyarına və sevdiyi böyük şəxsiyyətlərin yanına doğru köçdü.

Ayətullah Ruhullah Musəvinin (rə) Tehran şəhərindəki dəfn mərasimində ölkə əhalisinin 6/1-i hesab edilən 10 milyon 200 min insan iştirak edib. Elə bu səbəbdən nüfuzlu alimin dəfni Ginnesin Rekordlar Kitabına daxil olub. O gündən bu günə bu rəqəmi üstələn dəfn mərasmi qeydə alınmayıb.

 

Təhlil və Araşdırma Şöbəsi

Giperssilka.ru