Leonid Kalaşnikov: “Üçtərəfli bəyanatı mübahisələndirmək cəhdləri uğur qazanmayacaq”

Leonid Kalaşnikov: “Üçtərəfli bəyanatı mübahisələndirmək cəhdləri uğur qazanmayacaq”

Ermənistanda noyabrın onuna keçən gecə imzalanmış kapitulyasiya sənədini şübhə altına almağa yönəlmiş çağırışlar dəfələrlə səslənib.

Bu dəfə belə fikirlər Ermənistanın sabiq prezidenti Serj Sarqsyandan gəlib. 

Lakin belə çağırışların beynəlxalq instansiyalara çatacağı real görünmür. 

Giperssilka xəbər verir ki, Rusiya Dövlət Dumasının MDB məsələləri, Avrasiya inteqrasiyası və həmvətənlərlə əlaqələr komitəsinin sədri Leonid Kalaşnikov Oxu.Az-a açıqlamasında qeyd edib ki, Rusiya, Azərbaycan və Ermənistan liderlərinin imzaladığı üçtərəfli bəyanatı mübahisələndirmək cəhdləri uğur qazanmayacaq:

“Əlbəttə, bütün ölkələrdə hər zaman bu və ya digər hadisələr zamanı imzalanmış sənədlərdən narazı olanlar var. Xüsusən də əgər söhbət müharibə və ya sülh kimi mühüm mövzudan gedirsə. Amma imzalanmış sənədə yenidən baxılması şansı yoxdur. Hətta Ermənistanda keçirilən seçkilər də bunu göstərdi. Mənim Nikol Paşinyana və onun komandasına qarşı bütün tənqidi münasibətimə baxmayaraq, məlum oldu ki, erməni əhalisi müharibədən çox sülhü düşünür. N.Paşinyan sülh ilə assosiasiya olunur və düşünürlər ki, o, ölkəni yalnız sülh yolu ilə aparacaq. Zaman və davamlı fəaliyyət stabilliyə gətirib çıxarmalıdır. Sülhə doğru atılan addımların haradan başlandığını mübahisə mövzusu etmək əbəsdir”.

Fikrinin sonunda Leonid Kalaşnikov əlavə edib ki, o heç bir zaman ATƏT-in Minsk Qrupuna etimad etməyib və indi də etmir:

“Onlar heç nə etməyib və etməyəcək. Bu onlara lazım deyil. Problemlər yalnız qonşular tərəfindən həll edilməlidir və söhbət Azərbaycandan, Ermənistandan və bu halda qarant kimi çıxış edən Rusiyadan gedir”.