Məscidlər niyə açılmır?

Birbaşa mövzuya keçmək istəyirəm. Ölkədə sərt karantin rejimi ilə bağlı verilən qərarlar son bir ayda bir neçə dəfə dəyişilsə də, bir mövzuda dəyişməz olaraq qaldı. Məscidlərin bağlı olaraq qalması hələ də davam etməkdədir.

Məscidlər niyə açılmır?
Bakı, müqəddəs Bibi-Heybət ziyarətgahı

Yəni, kafelər, ticarət mərkəzləri və s. qapalı məkanların işləməsinə məhdud çərçivədə olsa belə, yaşıl işıq yandırldı. Təəssüflər olsun ki, məscidlər bu riskli zonadan xaric ola bilmədi.

 

Amma çox da dərindən düşünmədən də anlamaq olar ki, bu durumlarda insanların mənəvi balansının qorunması və ya təmin edilməsi üçün məscidlərin fəaliyyəti müəyyən məhdudiyyətlərlə də olsa, bərpa edilməli idi. Dini mərkəzlər həmişə ən çətin durumlarda insanların sığındığı məkanlar olub. Bakıda 2000-ci il noyabrın 25-də  zəlzələ olan vaxt bir neçə dəqiqədən sonra məscidlərin ətrafı insanlar tərfindən əhatə olunmuşdu. O durumlarda artıq insanlar inanclı və ya inancsız qruplara ayrılmır. İnsanlar qəlbinin dərinliklərində aciz olduğu durumlarda ümid yerini ancaq Allah Evlərində görür.

 

Məscidin açılmaması üçün gətirilən arqumentlər də məntiqə sığmır. Ümumiyyətlə Operativ Qərargahın verdiyi qərarlarda məntiq axtarmaq çox çətin olur.

 

Əgər mövzu qapalı məkanlarda olmaqdan gedirsə, ticarət mərkəzləri, kafelər, metrolar, marketlər də qapalı məkanlardır. Məgər bu mərkəzdə olanlar məscidlərə gələnlərdən bu qədərmi sağlamlıqlarına biganədir? Digər tərəfdən, məscidlərdə ən yaxşı halda namaz vaxtı 1 saat namaz qılınır sonra isə çox cüzü sayda insan olur. Metrolarda “Dərnəgül” stansiyasından, “Həzi Aslanov” stansiyasına qədər olan yol təxminən 1 saata çatır. Bu müddət ərzində insanlar  2 metrlik məsafəyə və maskaya riayət etməklə qapalı məkanda ola bilirlərsə, eyni hal məscidlər üçün niyə mümkün olmasın?

 

Təbii ki, deyilə bilər insanlar metroda işə, zəruri tələbatlarını ödəmək üçün getdiyindən məcbur qalıblar. Elə bizim də dediyimiz budur ki, mənəvi ehtiyacın zəruri hesab edilmədiyi bir təfəkkürlə uzağa getmək olmaz. Zatən Operativ Qərargahın verdiyi hərdəmxəyal qərarlardır ki, heç bir fayda vermir.

Bu vaxta qədər verilən qərarların fayda vermədiyini öz dilləri ilə də etiraf ediblər. Amma təəssüflər olsun ki, bu işləri yenə o qurumun ixtiyarında saxlayıblar.

 

İnsanlar evdə qaldıqca özünə qapanır, işsizlikdən irəli gələn imkansızlıq da bir tərəfdən narahatlıq yaradır. Bu durumlarda insanların qəlbinə aramlıq sala biləcək yeganə yer – Allah Evləridir.

Bir də nəzərdə saxlamaq lazımdır ki, məscidlərə gələn insanlar, sosial məsafəyə riayət etməyi və maska taxmağı – digər insanların haqqına girmə ehtimalı səbəbindən – özlərinə vacib biləcəklər.

 

Mətləb Həmzəli

İmam Sadiq (ə) adına İslam Maarifi Akademiyası

«Dəyərlər» Jurnalistika Məktəbinin məzunu