Moskva vilayətində dahi Nizaminin 880 illik yubileyinə həsr edilmiş bədii gecə keçirilib  FOTO/VİDEO

Moskva vilayətində dahi Nizaminin 880 illik yubileyinə həsr edilmiş bədii gecə keçirilib  FOTO/VİDEO

Giperssilka xəbər verir ki, Moskva vilayətinin Ximki şəhərində dahi şair Nizami Gəncəvinin 880 illiyinə həsr edilmiş ədəbi-bədii gecə keçirilib. Rusiya Azərbaycanlılarının Fedaral Mill-Mədəni Muxtariyyatı “AzərRos” və Moskva Şəhəri Qərb İnzibati Dairəsi Oçakova-Matveyevski Rayon Azərbaycanlıların Milli-Mədəni Müxtariyyatı təşkilatlarının birgə təşkil etdiyi tədbir “Rusiya Azərbaycanlılarının Mədəniyyət Mərkəzi”ndə baş tutub.

Gecə Rusiya və Azərbaycan himnlərinin səsləndirilməsi ilə açılıb. Tədbirdə dahi Nizaminin yaradıcılığı, əsərləri və həyatı gündəmə gətirilib, “Leyli və Məcnun” və “Fərhad və Şirin” əsərlərindən bədii kompozisiyalar nümayiş olunub. Gecədə Rusiya Prezidenti yanında Millətlərarası Şuranın üzvü, “AzərRos” prezidenti və Ximki şəhər deputatı Xanoğlan Əliyev, Moskva Şəhəri Qərb İnzibati Dairəsi Oçakova-Matveyevski Rayonu Azərbaycanlıların Milli-Mədəni Müxtariyyatının sədri Əli Kazımov, tarix elmləri doktoru Əşrəf Hüseynov və  digərləri çıxışlar edərək N.Gəncəvi yaradıcılığından, Rusiyada Nizami irsinin tanıtdırılması istiqamətində görülən tədbirlərdən danışıblar.

“Mən buradakı həmvətənlərimizə təşəkkür edirəm ki, bu gün bu tədbirdə yaxından iştirak edirlər. Biz N.Gəncəvinin 880 illik yubiley tədbirlərini yalnız burada deyil, eləcə də həm Moskvada, həm də Rusiyanın müxtəlif regionlarında da keçirməyi planlaşdırmışıq”, - deyə “AzərRos” prezidenti Xanoğlan Əliyev “Giperssilka”ya açıqlamasında bildirib.

“Qarşıda Nizami ili boyunca daha 8 belə tədbirin keçirilməsi nəzərdə tutulur”, - deyə tədbirdə çıxışı zamanı Moskva Şəhəri Qərb İnzibati Dairəsində Azərbaycanlıların Milli-Mədəni Müxtariyyatı təşkilatının sədri Əli Kazımov bildirib.

Qeyd edək ki, tədbirdə Azərbaycan milli alətlərindən ibarət üçlük tərəfindən dahi şairin əsərlərini ehtiva edən bir sıra əsərlər də ifa olunub.

Giperssilka.ru