Müharibə VƏ FALAQQA...

Müharibə VƏ FALAQQA...

Cahil...

Zalım hökmdarın kəsdiyi başının qanını dili ilə yalayıb qurudarkən cəlladını, zalım hökmdarını öyüb, dünyanın ən adil şahı kimi sevilməsini istəyər cahil... 

Birinci Qarabağ müharibəsi bitdi VƏ ən yaxşı döyüşənlərə Azərbaycanı "cəhənnəm" etdilər.

Yəqin xatırlayırsız, öncə müharibə iştirakçılarının ictimai nəqliyyatdan pulsuz istifadəsinə icazə verildi. Sən demə, bu müharibə iştirakçılarını xalqın gözündən salmaq üçün bir ideya imiş. Marşrutdan düşən sərnişin vəsiqəsini göstərəndə əksər sürücülər, bala saxladığını, plan verdiyini deyib, müharibə iştirakçısını aşağılayırdı. Təsəvvür edin, düşmənin gülləsinə, tankına, topuna canını sipər edən oğullarımızı bax beləcə sındırıb, xalqın gözündən salmaq və önəmsiz olduqlarını şüuraltına yeritmək ideyası baş tutdu. Bu ideya baş tutandan sonra bu imtiyaz da yığışdırıldı.

O zaman da indi olduğu kimi işğal altında olan torpaqlarımızın azadlığı üçün həm canı ilə, həm də malı ilə döyüşənlər var idi. Malı ilə döyüşənlərdən biri də Rusiyada yaşayan azərbaycanlı Yelmar Məmmədov idi. Azərbaycan üçün tank, top və digər silahlar alan, əsgərlərimizə yüksək məbləğdə maddi yardım göstərən Yelmar Daşkənddə həyat yoldaşı ilə birlikdə müəmmalı şəkildə vəfat edir. Rəsmi məlumatlara görə, onlar yatandan sonra otağa qaz sızıb və qazdan boğulub ölüblər. Yelmar kimi imkanlı şəxsin qaz sızmasından ölməsi sadəcə sui-qəsd ola bilərdi, qəza yox. 

Maraqlı bir sual da var. 1992-ci ilin avqust ayında Azərbaycana qayıdan Yelmar cəbhədəki məğlubiyyətlərdən çox sarsılır. Qubadlıda anadan olan milyonçumuz bir təyyarə icarəyə götürür, cəbhə üçün paltar, müxtəlif ərzaq malları yükləyib Bakıya gəlir. Azərbaycanda vəziyyətlə tanış olandan sonra görür ki, cəbhəyə humanitar yardım yox, həqiqi kömək lazımdır. Elə bu məqsədlə də Bakıda "Yelmar İnterneyşil" kooperasiyasını yaradır. Həmin kooperasiyaya 3 tikinti idarəsi, 3 müstəqil bank, ticarət mərkəzi, sığorta şirkəti və s. daxil idi. Orada 3000-dən çox adam işləyirdi. Yelmar "qazsızmadan" öldükdən sonra onun Bakıdakı biznesinin taleyi də özünün taleyi kimi qaranlıq oldu.

Müharibə bitdikdən sonra təkcə xalqa yardım edənləri deyil, yuxarıda dediyim kimi, xalq üçün canını qurban verənləri də gözdən salma, aradan çıxarma sistemi saat kimi işləyirdi. 

Övladlarının gözü önündə özünü yandıran qazimiz Zaur Həsənovu unutdunuzmu? 

Zauru intihar həddinə çatdıran 1991-ci ildən indiyə kimi Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri vəzifəsini tutan, deputat Səttar Möhbalıyev məhz Zaurun ölümündən sonra ordenlə mükafatlandırıldı.

Aprel döyüşləri bitdi VƏ ən yaxşı hərbiçilərimizi vətən xaini adı ilə şərləyib, məhkəməsiz, istintaqsız dünya tarixində görünməyən vəhşiliklə, işgəncələrlə qətlə yetirdilər, işgəncədən təsadüfən sağ (yarımcan) qalanlara 15-20 il  həbs cəzası verildi.

İkinci Qarabağ müharibəsi bitdi VƏ canını qurban verən Qazilərimizə dövlət sahib çıxmadı. Elə bir sistem qurdular ki, qazilər "Yaşat" Fondunun cəmi bir dəfə verdiyi yardımı yollara xərclədilər. Adiyyatı qurumların, xəstəxanaların get-gələ saldığı qaziləri müharibədən sağ çıxmalarına peşiman etdilər.
+ Yaralanıb, komaya düşən Qazilərimizi ölümə tərk etdilər.

Müharibə dəhşətlərini görən onlarla döyüşçümüz hökumətin yarıtmaz fəaliyyətindən canı boğazına yığıldı və intihar etdi. Müharibənin bitdiyi 9-cu aya keçir, hələ də döyüşçülərimiz əlillik sənədi və veteran vəsiqəsi ala bilmirlər. Yəqin ki, bir ildən sonra vəsiqələr, əlillik sənədləri veriləcək və ödənişlər də elə sənədlərin verildiyi gündən hesablanacaq.

Ən iyrənci isə müharibədə, arxa cəbhədə xidmət edənlərin "dənlənmə" prosesinə start verilməsi oldu. Əgər xatırlayırsınızsa, Vüqar Hacıyevi küllü miqdarda narkotik ittihamı (234.4.3) ilə şərləyib, həbs etdilər. 22 iyunda gecə saatlarında Şəmkir Xeyriyyə İttifaqının həmtəssisçisi Tural Zeynalovun restoranına basqın edən polislər onu həbs ediblər. Deyilənlərə görə atasını da döyüblər. Atası yıxılıb və başı divara dəyib, ciddi zədə alıb. Atası hazırda xəstəxanadadır. Yəqin ki, Turalın ittiham ediləcəyi maddə də hazırdı (234.4.3). 

Müharibə vaxtı 600 qoyunu kəsib əsgərlərimizə göndərən Əfqan Qaraçöp adlı qeyrətli vətən oğlu da Yelmar Məmmədov kimi "qaz sızmasından" dünyasını dəyişdi. Bu bir təsadüfdürmü? 

VƏ dövlət büdcəsi hesabına qoluna 2 milyonluq saat taxanlar, 24 yaşında məmur babasının hesabına 6 milyonluq avtomobil kolleksiyasına sahib olnalar, keflənib vətəndaşları cüt-cüt bahalı maşını ilə əzib keçənlər deyil, xalqa can yandıranlar aradan çıxarılır. Ya "qaz sızması", ya da narkotik şərlənməsi ilə. Əslində qaz sızmayıb. Aramıza atası, dayısı, ulu babası erməni olanlar sızıb, bizim ad soyadla...  

2 milyondan çox azərbaycanlının qatili Stepan Şaumyanın törəmələri sızıb aramıza VƏ babalarının qanlı əlləri ilə yapışıblar boğazımızdan. Boğuluruq, xırıldayırıq amma gülümsəyirik... xoşbəxtcəsinə...

"Səid Dadaşbəyli işi", "Nardaran işi", "Gəncə işi", "Tərtər işi" adı ilə böyük cinayətlərin ssenarisini reallaşdıranlar on illərdir bu ölkədə at oynadır, yaxalarına medal taxılır, xalq üçün canını qoyanlar şərlənib həbs edilir. Xalq isə öz acı taleyindən çəkilmiş "film"i komediya zənn edib, qəhqəhə çəkir, bu sərməstlikdən ayılıb ÖZÜNƏ gələ bilmir. Sərməstlikdən boğazını cəllad kötüyünə uzadıb, xoşbəxtcəsinə gülümsünür...

Cahillik kütlənin falaqqa ilə döyülərkən özünü flakka çəkmiş kimi sərməst göstərməsinə, yaltaqcasına irişməsinə deyilir.

Cahil...

Zalım hökmdarın kəsdiyi başının qanını dili ilə yalayıb qurudarkən cəlladını, zalım hökmdarını öyüb, dünyanın ən adil şahı kimi sevilməsini istəyər cahil... 

Arzu Abdulla Gulzaman

Jurnalist