Müqavimət və övladları - 1: Şəhid Mübariz İbrahimov FOTO / VIDEO

O, elə bir şəxs idi ki, özündən sonra qəhrəmanlıq məktəbi yaratdı. İllərdir zəfər həsrəti ilə yanan yurdun qəhrəmanlarının dirçəlməsinə səbəb oldu.

Onun yaratdığı qığılcım illərlə böyüyüb alova döndü və Vətən müharibəsində düşmənin bağrına dağ basdı.

Onun başlatdığı azadlıq mübarizəsi xoşbəxt sonluqla başa çatdı.

Özü şəhid oldu, amma milyonların qəlbində yaşadı. Ona görə də deyə bilərik ki, bu zəfəri o da bizimlə birgə yaşadı.

Bəli, söhbət Şəhid Mübariz İbrahimovdan gedir.

Giperssilka “Müqavimət və övladları” adlı layihəsi çərçivəsində ilk buraxılışını Şəhid Mübariz İbrahimova həsr edib.

Şəhid Mübariz İbrahimov kimdir?

Seyyid nəslindən olan Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub. Əslən Lerik rayonundan olan Şəhid 1994-cü ildə şəhid olmuş Malik Piriyev adına Əliabad kənd orta məktəbinə daxil olub. 2005-ci ildə orta təhsilini başa vurub, hərbi xidmətə çağrılıb.

Boksla məşğul olub.

Hərbi xidməti

Hərbi xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub. Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətə başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.

Onu yenidən hərbi xidmətə qayııtmağa vadar edən səbəb torpaqlarımızın hələ də düşmən tapdağı altında qalması ilə barışmaması idi. Məhz buna görə cəbhə xəttində yerləşən hərbi hissədə xidmət etmək, düşmənə, zəfərə və şəhadətə daha yaxın olmaq istəyirdi.

Hərbiçi yoldaşlarının sözlərinə görə, Şəhid Mübariz İbrahimov xidmət ərzində sakit biri olub. Daim idmanla məşğul olurdu. Seyyid Mübariz hər zaman torpaqlarımızı düşmən tapdağından xilas etməkdən danışırmış.

Qəhrəmanlıq gecəsi

O, arzusunu reallaşdırmaq üçün çox gözləmir. Cəbhədə xidmətə başlayandan heç 1 il keçməmiş - 18 iyun 2010-cu il tarixində gecə saat 23:30 radələrində hərbi hissəni tərk edərək düşmən mövqelərinə hücuma keçir.

Artıq onun üçün geriyə dönüş yox idi. Qıra bildiyi qədər düşmən qıracaq, düşmənin gözündə qorxu yaradacaq, özündən sonrakı nəsillər üçün qəhrəmanlıq tarixi yazacaqdı.

Beləcə, gizir Mübariz İbrahimov təkbaşına iki ordu arasındakı bir kilometrlik minalanmış sahəni keçir. Ermənistan Silahlı Qüvvələrinin çox sayda əsgər və zabitini gözlənilmədən birinci həmlədə məhv edir. Sonra isə düşmənin öz silahlarını özünə qarşı istifadə edərək 5 saat onlarla təkbətək döyüşür. Düşməni ağır itkilərə məruz qoyur, onların zəif cinahlarını üzə çıxarır.

Azərbaycan döyüşçüsü səhər saatlarında qeyri-bərabər döyüşdə şəhid olur.

“Mən oğlumu tanıyıram, sərhədə tərəf gedin”

Səhər saatlarında Mübarizin yerində olmadığını görən hərbi hissə komandirləri onun qaçdığını düşünüblər.
Atası Ağakərim İbrahimova zəng etdikdən sonra demək olar ki, hər şey məlum olub. Atası ona gələn zəng barədə belə danışır:

“Hadisənin səhəri günü tezdən saat 5-6 arasında mənə zəng gəldi. Soruşdular ki, oğlunuz evə gəlməyib ki? Hətta bildirdilər ki, çoxlu silah götürüb və ərazidən uzaqlaşıb. Dedim, mən oğlumu tanıyıram, sərhədə tərəf gedin. Sonra da məktubunu tapmışdılar...”

Düşmən Mübarizi ordu zənn etmişdi

Gecə saatlarında cəbhədə baş verən atışma artıq hamıya məlum idi. Düşmən tərəfi öncə zənn etmişdi ki, Azərbaycan ordusu hücuma keçib. Lakin onlar, döyüşən şəxsin cəmi 1 nəfər olduğunu yalnız Mübariz İbrahimov şəhid olduqdan sonra öyrənmişdilər.

Mübarizin məhv etdiyi düşmən sayı isə rəsmi rəqəmlərə görə 46, qeyri rəsmi məlumata görə isə 200-dən çox idi.

Məhz bu qorxu səbəbindən Mübariz İbrahimovun nəşinin də əllərini bağlamışdılar, onun cansız bədəninə də işgəncə vermişdilər.

Mübariz İbrahimovun şəhid olmasına baxmayaraq, Ermənistan onun cəsədini 141 gün saxlamışdı. Bu hərəkət düşmənin nə qədər qorxaq və bir o qədər də çarəsiz olduğunu göstərirdi.

Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair 27 oktyabr 2010-cu il tarixli birgə bəyanatına uyğun olaraq, eyni zamanda "Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası"nın beynəlxalq təşkilatlarla apardığı müntəzəm danışıqlar nəticəsində Şəhid İbrahimovun meyidi 6 noyabr 2010-cu il tarixdə Ağdam-Bərdə yolunun üzərində, işğal altındakı Baş Qərvənd kəndi yaxınlığında Azərbaycan tərəfinə təslim edilib.

Şəhid, millli qəhrəman Seyyid Mübariz İbrahimov 7 noyabr 2010-cu ildə böyük izdihamla İkinci Fəxri xiyabanda dəfn olunur.