Qədir-Xum hadisəsinin əhəmiyyəti

Qədir-Xum hadisəsinin əhəmiyyəti

Qədir-Xum bayramını “Allahın böyük bayramı” adlandırmışlar; bu bayram İslam təqvimindəki bütün bayramlardan yüksəkdə duran bir bayramdır. Qədir-Xum bayramı daha dolğun bir mahiyyətə malikdir. Onun təsiri digər bayramlardan daha çoxdur. Nə üçün? Ona görə ki, məhz Qədir-Xum hadisəsində doğru yola istiqamətlənmə, hökumət və idarəçiliklə bağlı Allah-Taalanın İslam ümməti üçün təyin etdiyi vəzifə müəyyənləşdirilib. Əlbəttə, Allah Rəsulunun (s) Qədir-Xumdakı tövsiyə və tapşırıqlarına əməl olunmadı (Bəzi rəvayətlərə görə, İslam Peyğəmbərinin (s) özü də gələcəkdə bunlara əməl olunmayacağı barədə xəbər vermişdir), lakin Qədir-Xum məsələsi mahiyyət etibarilə konkret bir meyarın, ölçü vahidinin, yaxud göstəricinin formalaşdırılmasıdır. Müsəlmanlar dünyanın axırına qədər bu meyarı rəhbər tutaraq ümmətin tutduğu ümumi yolda öhdələrinə düşən vəzifəni müəyyənləşdirə biləcəklər. Əziz İslam Peyğəmbəri (s) vilayət məsələsini bəyan etmək üçün ən həssas mövqedə seçdi; bu, onun yox, Uca Yaradanın seçimi idi. Tanrıdan belə bir vəhy nazil oldu:

بلّغ ما انزل اليك من ربّك

“Rəbbin tərəfindən sənə nazil olanı çatdır!” (“Maidə” surəsi, ayə 67.)

Peyğəmbər (s) Allah-Taalanın məsum imamları (ə) ümmətə rəhbər təyin etməsi məsələsindən öncədən xəbərdar idi. Məsələnin nə yerdə olduğu ona besətin əvvəllərindən, yəni peyğəmbərlik missiyası üçün təyin olunduğu ilk dövrlərdən etibarən aydın idi. Daha sonra da 23 il ərzində baş vermiş müxtəlif hadisələr həmin reallığı elə açıq-aşkar surətdə büruzə verdi ki, şübhə və tərəddüd üçün heç bir əsas qalmadı. Lakin bu barədə ən həssas bir mövqedə rəsmi şəkildə elan olunmalı idi. Tanrının əmri ilə bu baş verdi:

بلّغ ما انزل اليك من ربّك و أن لم تفعل فما بلّغت رسالته

“Rəbbin tərəfindən sənə nazil olanı çatdır! Əgər (bunu) etməsən, (elə bil ki,) Onun (heç bir) tapşırığını çatdırmamısan”. (“Maidə” surəsi, ayə 67.)

Yəni bu, sənin üzərinə düşən İlahi bir missiyadır və sən onu mütləq açıqlamalısan. Daha sonra əzəmətli İslam Peyğəmbəri (s) Qədir-Xum çölündə – Cöhfə yaxınlığında insanları dayandırıb həcc karvanlarını bir yerə toplayaraq bu məsələni elan edəndə:

اليوم اكملت لكم دينكم و اتممت عليكم نعمتى

“Bu gün dininizi sizin üçün kamilləşdirdim, sizə Öz nemətimi tamamladım”. (“Maidə” surəsi, ayə 67.)

Yəni “Nemət tamamlandı, din kamil oldu” ayəsi nazil oldu. Mübarək “Maidə” surəsində: اليوم اكملت (Əl-yəvm əkməltu) – ayəsindən əvvəl belə bir ayə gəlir:

اليوم يئس الّذين كفروا من دينكم فلا تخشوهم و اخشون

“Bu gün kafirlər sizin dininiz(i məhv edib aradan apara biləcəklərin)dən ümidlərini kəsiblər. Odur ki, onlardan qorxmayın, Məndən qorxun.” (“Maidə” surəsi, ayə 3.)

Bu gün düşmənlərin məyusluğa və ümidsizliyə düçar olduğu bir gündür. Yəni, artıq, əsl meyar dəqiqləşdirilib; artıq ölçü meyarı məlumdur. Müsəlman ümməti istədiyi vaxt, yəni həqiqətə açıq gözlə baxdığı hər bir zaman ölçü meyarını görəcək, konkret göstəricini müşahidə edəcək və şəkk-şübhəyə heç bir yer qalmayacaq. Qədir-Xum hadisəsinin əhəmiyyəti, bax budur! (Ali Rəhbər Ayətullah Xameneinin mübarək Qədir-Xum bayramında xalqın müxtəlif təbəqələrinin minlərlə nümayəndəsi ilə görüşündə etdiyi çıxışdan bir hissə – 6 /12/ 2009.)

Maide.az / Giperssilka