Sergey Lavrov: ‘Qarabağ probleminin həlli üzrə mövcud format faydalıdır’

"Hazırda danışıqlar masasında Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllini təklif edən bir sənəd var".

Sergey Lavrov: ‘Qarabağ probleminin həlli üzrə mövcud format faydalıdır’

Maide.Az “Report”a istinadla xəbər verir ki, bu barədə Qorçakov Fondunun təşkil etdiyi onlayn "dəyirmi masa" zamanı Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qətnamələri barədə danışarkən bildirib.

 

“Qəbul edilmiş qətnamələr məlum sənədlərdir. Onlar hərbi əməliyyatların qızğın dövründə qəbul edilib və hər şeydən əvvəl hərbi əməliyyatların tamamilə dayandırılmasını və danışıqlara keçilməsini nəzərdə tutub. Qətnamələrdə Azərbaycan Respublikasının ərazi bütövlüyü təsdiqini tapıb. Eyni zamanda, sənədlərdə müharbəni dayandırmaq və danışıqlara keçmək çağırışı da olub. 

 

O vaxtdan bəri biz dəfələrlə danışıqlara başlamışıq, özü də müxtəlif formatlarda. Amma indi danışıqların Bakı-Yerevan, ATƏT-in Minsk qrupunun üç həmsədri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi formatı müəyyən edilib. Bu, BMT Təhlükəsizlik Şurasının müharibəni dayandırmaq və razılığa gəlmək tələbini təcəssüm etdirən faydalı və yaxşı formatdır”, - S.Lavrov deyib.

 

O, bir daha xatırladıb ki, Madrid sazişləri, Rusiya tərəfinin 2010-11-ci illərdə hazırladığı sənədlər, yəni Kazan prinsipləri və keçən ilin aprelində Moskvada həmsədrlərin iştirakı ilə keçirilmiş Azərbaycan, Ermənistan və Rusiya xarici işlər nazirlərinin görüşündən sonra açıqlanan və hazırda fəal müzakirə olunan layihələr var.

 

“Bu sənədlər mərhələli yanaşma əsasında nizamlanmaya doğru irəliləməyi nəzərdə tutur, ilk mərhələdə ən aktual problemlərin həllini, Dağlıq Qarabağ ətrafındakı bir sıra rayonların azad edilməsini və nəqliyyat, iqtisadi və digər əlaqələrin blokadasının aradan qaldırılmasını təklif edir. Odur ki, bu sənədlərin imzalanması mərhələsinə gələn zaman bunun müharibənin dayandırılmasını və danışıqlar aparılmasını tələb edən BMT Təhlükəsizlik Şurasının qətnamələrinin həyata keçirilməsində vacib addım olacağına əminəm. İndi isə danışıb razılaşmaq lazımdır və biz də ATƏT-in Minsk qrupunun həmsədrləri kimi buna çalışırıq”, - Rusiya XİN başçısı fikrini tamamlayıb.

Giperssilka.ru