Taliban və İŞİD: Eyni düşüncə, yoxsa fərqli yol? Analiz

Taliban və İŞİD: Eyni düşüncə, yoxsa fərqli yol? Analiz

Əfqanıstanın 70 faizdən çoxunun "Taliban" döyüşçülərinin nəzarətinə keçməsindən sonra bu ölkə ilə bağlı xeyli suallar gündəmə gəlib. Əfqanıstanda "Taliban"ın nə qədər güclü olması, İŞİD-in ölkədə təsir dairəsi və Əfqanıstanın gələcəkdə "xilafət" ərazisinə çevrilmək ehtimalları böyük maraq doğurur.

"Taliban" 1994-cü ildə yaranan və 1996-2004-cü illər arası Əfqanıstanın bütün ərazisini idarə etmiş hərəkatdır. Hərəkat Qəndəhar şəhərindəki mədrəsədə Şeyx Məhəmməd Ömərin başçılığı altında 30 tələbə ilə birgə yaradılıb. "Taliban" hakimiyyəti yalnız Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, İçkeriya və Pakistan tərəfindən tanınıb.

"Taliban"dan fərqli olaraq İŞİD əsasən İraq və Suriya ərazisində fəaliyyət göstərən silahlı terrorçu qruplaşma olub və 3 yanvar 2014-cü il tarixində dırnaqarası müstəqilliyini elan edib. Lakin 2019-cu ildə İŞİD-in süqutu rəsmiləşib və terrorçu qruplaşmanın üzvləri qonşu ölkələrə, o cümlədən Əfqanıstana qaçmaq məcburiyyətində qalıblar.

İŞİD Əfqanıstana ilk dəfə 2014-cü ildə sızıb. Terror təşkilatı 2015-ci ildə Pakistan, Orta Asiya və İranın şərqinə soxulmağı planlaşdırsa da bu istəyi ürəyində qalıb. Lakin bu gün Əfqanıstanda "Taliban" döyüşçülərinin ölkənin 70 faizinə nəzarət etməsi fonunda İŞİD terrorçularının da xeyli aktivləşməsi gözə çarpır.

Teror təşkilatının üzvləri daha çox ölkənin Pakistanla sərhədində yerləşən Nanqarhar, Kunar və Host vilayətlərində cəmləşiblər. Lakin İŞİD şimalda Sari-Pul və Fəryab vilayətlərində də varlığını artırmağa başlayıb. İŞİD-ə daxil olan terrorçular əsasən Əlcəzair, Fransa, Tacikistan, Özbəkistan və Rusiyadan olan muzdlulardan ibarətdir. 5 minə yaxın terrorçunu ətrafında toplayan terror təşkilatı "Taliban"ın hakimiyyətə gəlməsi və ya ölkədə xaos hökm sürəcəyi təqdirdə öz məkrli planlarını həyata keçirməyə çalışacaq.

"Taliban" və İŞİD Əfqanıstanda varlığını davam etdirsə də fərqli missiyaları qarşısına məqsəd qoyub. "Taliban"ın məqsədi Əfqanıstana nəzarət etməkdir. İŞİD isə dünyadakı terrorçuları bir araya gətirmək və xilafət qurmaq arzusu ilə yaşayır. Terror təşkilatı Əfqanıstanı Mərkəzi Asiyaya daxil olmaq üçün tramplin kimi görür. Bunu da nəzərə almaq lazımdır ki, İŞİD sıralarında Orta Asiya respublikalarından da yaraqlılar var. Bu baxımdan İŞİD-in Tacikistan və Türkmənistana soxulmaq cəhdləri əbəs yerə təhlükə kimi qəbul olunmur.

İŞİD-dən fərqli olaraq "Taliban" muzdlular deyil, yerli əhalidən ibarət mütəşəkkil bir hərəkatdır. 'Taliban"ın yüksəkçinli rəsmiləri açıqlayıblar ki, hərəkat heç bir halda Əfqanıstanın 3-cü ölkəyə müdaxilə etməsinə imkan verməyəcək. Bundan əlavə, İŞİD-in ölkədə geniş yayılması və fəaliyyət göstərməsinə qarşı tədbirlərin görüləcəyi də rəsmi şəkildə bəyan olunub. Hərəkat rəsmən elan edib ki, Əfqanıstanda narkotik maddələrin yetişdirilməsinin qarşısını almaq istiqamətində ciddi mübarizə aparacaqlar.

Həm "Taliban", həm də İŞİD əhli-sünnə məzhəbinə mənsub şəxslər tərəfindən özlərini tərəfdaş topladığı halda fərqli baxış bucaqlarına malikdirlər. Lakin bu, o demək deyil ki, qarşıdakı günlərdə hər iki tərəf ortaq məxrəcə gələrək fəaliyyət göstərməyəcək. Həmçinin istisna da deyil ki, "Taliban"la İŞİD Əfqanıstanda toqquşmasın və bir-birilə mübarizə aparmasın.

ABŞ-ın yaratdığı və bu günə kimi istifadə etdiyi İŞİD Yaxın Şərqdə o qədər istifadə olunub ki, terrorçuların yenidən Əfqanıstanda eyni məqsədlər üçün fəaliyyətə keçməsi realdır. Suriya və İraqda olmazın cinayətlərini törədən İŞİD-çilər Əfqanıstanın qonşu ölkələri ilə sərhədlərinə həmlələr edərək "Taliban"ı hədəfə göstərə bilərlər.

Hüseyn Abdullah

Eastnews.org / Giperssilka