Vəkil Vüsal Səfərov: “Qərbin ölkəmizdə maşalığını həyata keçirənlər dinə düşmənçiliklərini biruzə verirlər”

Vəkil Vüsal Səfərov: “Qərbin ölkəmizdə maşalığını həyata keçirənlər dinə düşmənçiliklərini biruzə verirlər”

Vəkil Vüsal Səfərov son günlərdə “Dini etiqad azadlığı haqqında” qanuna edilən dəyişikliklər ətrafında gedən müzakirələrə ətraflı cavab verib. O, dindarları hədəfə alan açıqlamalara öz mövqeyini söyləyib.

Giperssilka-ya daxil olan açıqlamada deyilir:

Son günlərdə yenə bir qrup kütləvi informasiya vasitələrinin  seçilməmiş vəkilləri və qərbin ölkəmizdə maşalığını həyata keçirən bəzi "mütərəqqi" insanlar yenidən uşaqların dini tərbiyəsi, qızların zorla hicab bağlatdırılması və dini mərasimlərdə iştirakları barədə "akademiklik" etməyə başlayıblar. Sanki, bunlar bəşəri və elmi dəyərlərə bağlıdırlar, ay, nə bilim, uşaqları fikirləşirlər və bu kimi Məlikməmməd nağılları ilə dinə düşmənçiliklərini biruzə verirlər. Bunlar abırsız olsa da, biz iffətimizi itirmək istəmirik, deyə, şəxsi həyatlarındakı ailə problemlərini, aralarındakı həsəd və paxıllığı, maddi maraqlara görə bir-birinə olan yaltaqlıqlarını, uşaqlarına olan təzyiqlərini qabartmaq niyyətində deyilik. Bir balaca agah olan insanlar çox yaxşı bilirlər ki, yüksək dövlət vəzifəli şəxslərin övladları necə qudurğandırlar, bəziləri şiddətli şəkildə narkotik aludəçisidirlər, bəziləri atalarından beşbetər maxinasiya ustası fırıldaqçılarıdırlar və sair. İndi bu balalarından xəbərsiz atalar bir araya cəm olub dini tərbiyəni qadağan etmək, hicaba əngəl olmaq və dini məclislərə məhdudiyyətlər qoymaq istəyirlər. İlk əvvəldən bunu demək məcburiyyətindəyəm ki, əlinizdən gələni etsəniz və ağlınıza gələn hər zülmü gerçəkləşdirsəniz belə, yenə də, sonda siz məğlub olacaqsınız. Sovetin tətbiq etdiyi vicdansız hüdudlar necə tarixin zibilliyinə atıldısa, sizin də tədbirləriniz eyni aqibətlə bitəcəkdir. Özünüzü də qəbrə qoyan zaman dini tərbiyəsiz böyütdüyünüz quldur, narkoman, dələduz oğullarınızdan başqa heç kim dəfninizdə olmayacaqdır.

İndi isə sizinlə bizim aramızdakı fərqlərə keçək və daha doğrusu, məntiqi cəhətdən, formaca eyni, mahiyyətcə isə fərqli olan tərbiyə metodlarımıza baxaq:

- Siz övladlarınızın qarşısında uşaq vaxtlarından etibarən özünüzlə öyünürsünüz, işlərinizdən danışırsınız və nəticədə onlar da sizi nümunə götürüb böyüyürlər. Nəticə isə göz qabağındadır.

Biz isə uşaqlarımıza ilahi Peyğəmbərlərdən danışırıq, Allahın pak bəndələrinin sevgisini onlara öyrədirik və qətiyyən özümüzü mədh(?! ) etmirik. Nəticəni isə uca Allaha sığınaraq Ona həvalə edirik.

- Siz uşaqlarınızın6 qarşısında içki içir, siqaret çəkir, bəzən söyüş söyür, anaları ilə dalaşır (bəlkə də bir çoxunuz əl qaldırıb döyür) və yersiz əsəbinizə görə uşaqlarınızı belə vurursunuz.

Biz isə uşaqlarımıza Peyğəmbər və Əhli-beytinin öz ailəsi ilə xoş rəftarından danışırıq. Hz. Əlinin nəinki öz ailəsi, hətta şəhərindəki yetim uşaqlara belə atalıq etdiyindən söz açırıq. Yəni, əsla onlara özümüzü nümunə kimi göstərmirik.

-Siz, uşaqlarınızı onlar istəməsə belə məcburi şəkildə məktəbə göndərir, universitetə daxil etdirir, əsgərliyə getməyə razı saldığınız zaman yaxşıca tapşırtdırır və ərköyün edirsiniz. Hələ məktəb və universiteti bitirincəyə kimi müəllimlərə etdiyiniz "hörmətlərə" işarə etmirəm ki, çürükçülük olmasın, amma, xalq bunları çox yaxşı bilir. Yəni, siz uşaqlarınızı bunlara məcbur edir, bir tərəfdən də rüşvətlər verirsiniz, amma...

Biz, uşaqlarımıza dərs oxumaq və elm öyrənməyi də Allahın istəyi kimi təqdim edirik. "Elmi tələb edib, hətta Çində olsa belə ardınca gedin, çünki, elm tələb etmək hər bir müsəlmana vacibdir", - deyə, buyurmuş Peyğəmbərin(s) məhəbbəti sayəsində onların ürəyində dərs oxumağa şövq yaradırıq.

Siz övladlarınıza peyvənd etdirirsiniz, ya yox, bunu bilmirəm, amma, qərar qəbul edib məcburi şəkildə məktəbliləri peyvənd olunmaqda əlacsız qoyursuz. Bunu məcburi edirsiz, seçim haqqı tanımırsız və bu fiziki istismara tibbi səbəblərlə haqq qazandırırsınız, lakin, biz uşaqlarımıza mənəvi peyvənd olan dini bilgiləri aşılayanda siz buna radikalizm deyirsiniz. Sizin dərdiniz islamladır, bu məmləkətin qədim adət-ənənəsi olan İmam Hüseyn(ə) məclisləri ilədir. Elə bilirsiz bunu çox adam anlamır? Təəssübü olmayan hər kəs bunu çox yaxşı başa düşür ki, siz uşaq dərdi çəkən olsaydınız, öz doğma övladlarınız narkoman, fırıldaqçı, hoqqabaz, bahalı maşınlarda keyf çəkib qudurğanlıq edən, qumarbaz​ olmazdılar. Siz uşaq dərdi çəkən olsaydınız, məmləkətdə uşaq pulu problemi hər addımda özünü biruzə verməzdi və bu məsələ barədə bəzi deputatlar parlamentdə sayıqlamazdılar. Sizin düşmənçiliyiniz uca Allahın dini və onun ardıcıları ilədir.

-Siz məktəblərdə elə birinci sinifdən uşaqlara prezident, onun xanımı vitse-prezident və sair siyasi məlumatlar verirsiniz. Bu bilgiləri dərs vəsaitlərinə salmısınız. Bəs, bu etdiyiniz siyasi təzyiq deyildirmi? Nəyə görə biz övladlarımıza uşaqlıqdan Peyğəmbər (s) və Əhli-beyti (ə) tanıtdığımız zaman bu, onlara zərər olur, siz isə onlara siyasi şəxsləri tanıdanda bunun ziyanı olmur?!

Bizim əqidə qardaşlarımız torpaqların işğaldan azad olunmasında canını verən və ən çox canfəşanlıq edən insanlar idi. Xidmətdə dayanan kəslərdən tutmuş maddi-mənəvi dəstək verən insanlar məhz dindarlar idi. "Ya Hüseyn" deyib, ən təhıükəli pozisiyalarda belə möhkəm dayanan və bu cür ürəkləri ilə zabitləri heyrətə salan gənclər məhz bizim əqidədaşlarımız idi. Sizin uşaqlarınızdan isə, o zaman bir xəbər yox idi.

Sizin deputatlardan birinin nəvəsi onun yanında canavar kimi ulayıb bozqurd əqidəsini canlandırırdı və bunu videoya çəkib yaymışdı. Niyə ona qarşı bir tədbir görmədiniz? Amma, dindar ailənin uşaqlarının başındakı yaylıq və sair sizi qıcıqlandırır? Niyə? Çünki, sizin dərdiniz insan haqları, uşaqların təbiyəsi və ay, nə bilim elmi dəyərlər, zad deyil, siz din düşmənlərisiniz...”

Mövzu ilə bağlı Mir Bəşir də açıqlama verərək bildirib ki, valideynlər uşaqların qanuni nümayəndələridirlər və uşaqları tərbiyə etmək valideynlərin borcudur:

“Müxtəlif bəhanələrlə uşaqların tərbiyəsi ilə bağlı məsələlərə müdaxilə etmək absurddur, hüququn təməl prinsiplərinə ziddir. Çünki uşaq öz mənafeyini tam dərk etmədiyi üçün uşaq hesab olunur və tam fəaliyyət qabiliyyəti yetkinlik yaşına çatdıqda yaranır. O vaxta qədər valideyni onun hüquq və mənafelərini qoruyur. Həyatda nəyin pis, nəyin yaxşı olduğunu valideynlər uşaqlarına öyrədirlər. Məsələn, təhsil işlərində müxtəlif məcburiyyət kimi qiymətləndirilə bilən müxtəlif hallar mümkündür. Sübh tezdən yuxudan durmaq istəməyən uşağı valideyn məcbur edib yuxudan oyadır, ayağa qaldırır. Dərsində tənbəllik edən uşağı məcbur edir ki, tapşırıqları həll etməyənədək başqa işlərlə məşğul olmasın. Məsələn, xəstələnəndə məcbur edir ki, dərmanlarını atsın, çığırda-çığırda uşağa iynə vurdurur! Neyləyək, indi bütün bu dırnaqarası "məcburiyyətlərə" qanun qəbul edib qadağa qoyaq? Konstitusiya deyir ki, dövlət xalqın mənəvi irsini qoruyur. Ailə dəyərləri, valideyn-uşaq münasibətləri, dinə olan etiqadımız və vicdan azadlığı xalqımızın mənəvi irsidir. Bu irsi yad müdaxilələrdən qorumaq dövlətin və xalqın müqəddəs vəzifəsidir. Qanunlar ali qanuna - Konstitusiyaya müvafiq olmalıdır, nəinki, zidd”.

Giperssilka.ru