Zərdüşt Əlizadə: “İran bizim qüdrətli cənub qonşumuzdur, onunla düşmənçilik bizə xeyir deyil”  MÜSAHİBƏ

Zərdüşt Əlizadə: “İran bizim qüdrətli cənub qonşumuzdur, onunla düşmənçilik bizə xeyir deyil”  MÜSAHİBƏ

Siyasi şərhçi Zərdüşt Əlizadə son zamanlar İran və Azərbaycan münasibətlərinin gərginləşdirilməsi ilə bağlı Giperssilka.ru-ya müsahibə verib. Politoloq açıqlamalarında son zamanlar təbliğatda təhriflərə yol verilməsi, faktların yanlış təqdim edilməsi və digər məsələlərə diqqət çəkib.

- Sizcə, son zamanlar İranla Azərbaycan münasibətləri gərginləşməsinin əsas səbib nədir? Bunda maraqlı olan tərəflər kimlərdir?

- Mən əminəm ki, bunda maraqlı olan tərəf Azərbaycan hakimiyyətidir. Azərbaycan hakimiyyəti Azərbaycan ictimaiyyətinin diqqətini Pandora məsələsindən yayındırmaq istəyir. Pandora sənədlərində konkret fakt qoyulub ki, hakim ailə Londonda 700 milyon dollarlıq mülkün sahibidir. Bu məsələdən diqqəti yayındırmaq üçün heç bir əhəmiyyəti olmayan məsələni (İranın yük maşınlarının Qarabağa yük daşımasını - red) şişirdiblər. Bəzi adamları, yazarları da İranla münaqişə yaratmağa yönəldiblər.

İran nə edib? İranın sürücüləri Qarabağa yük daşıyanda onların sənədindən Stepanakert (Armenia) yazılıb. Bu olub Azərbaycanın suverenliyinin pozulması. 1960 rus hərbiçisi oturur, Laçın dəhlizi Azərbaycan ərazisindən kənarda qalır, amma bunların suverenliyə dəxli olmur, hansısa İran sürücüsünün sənədindən Stepanakert (Armenia) yazılması suverenliyi pozur. Bu nə mənasız yanaşmadır?! O qədər düşük adamlar, olmayan partiyaların sədrləri, 5 qəpiklik jurnalistlər düşüb səhərdən axşama qədər İranı söyürlər. Fakt budur ki, İran bizim qüdrətli cənub qonşumuzdur. Onunla düşmənçilik bizə xeyir deyil.

- Necə düşünürsünüz, İran həqiqətən Ermənistanın, yoxsa Azərbaycanın yanındadır? İranın belə bir tərəf tutması zəruridirmi?

- Ermənistanla Azərbaycan arasındakı münaqişə bitib və biz qələbə çalmışıq. İran Ermənistanın yanında durub nə edəcək ki? İranın dini rəhbəri qələbə münasibətilə Azərbaycanı təbrik edib. Deyib ki, Qarabağ Azərbaycan torpağıdır.

“Stepanakert”in (Xankəndinin, - red.) Ermənistan yazılmasına görə milli hisslər coşur, 700 milyon dollara görə niyə coşmur? Bu 700 milyon dollar xalqın cibindən gedib. Bu cür milli hisslər ən axmaq hisslərdir.

- Bu gərginliyin artmasında İsrail rejiminin rolu da vurğulanır. Sionist rejimin bu məsələdə, xüsusən mediada İrana qarşı təbliğatda rolu varmı?

- Azərbaycan İsraillə dostluq edir və bu öz işidir. İran İsraillə düşmənçilik edir, bu da onun öz işidir. İsrailin xeyrinədir ki, İranın qonşu dövlətlərlə, xüsusən də Azərbaycanla münasibəti düşmən münasibəti olsun. Bu vəzifəsinin öhdəsindən də gəlir. Bəs bu, bizə lazımdır? Bizim ağlımız olsun da. Bizim vəzifəmiz budur ki, öz milli maraqlarımızı qoruyaq.

- Bu proseslərdə məzhəbçilik faktoru varmı?

- Azərbaycanda müsəlmançılıq var ki, məzhəbçilik faktoru da olsun? Bizim xalq yeməkdən, içməkdən başqa şey bilmir.

- Həm indiki, həm də daha öncəki hökumətlərdə təmsil olunan dövlət rəsmiləri çıxışlarında 1-ci Qarabağ müharibəsində İranın Azərbaycana yardımından danışıblar. Bundan başqa, həmin vaxt Türkiyədəki hakimiyyətin də Azərbaycanı yalnız buraxdığını bildirmişdilər. Belə faktlar olmasına baxmayaraq, hazırda bu faktların əksinə təbliğat aparılmasını necə qiymətləndirirsiniz?

- Bu faktdır ki, 1-ci Qarabağ müharibəsində İran Azərbaycana dəstək verirdi, amma bizim hakimiyyət bunu qəbul etmirdi. Sonra nə baş verdi? Heydər Əliyevin hakimiyyətə gəlməyinə İran dəstək verdi. Daha sonra Ermənistan Horadizi vuranda, Heydər Əliyev xahiş etdi, İran hərbçiləri ora gedib erməniləri oradan çıxartdı. Onlar Zəngilana qədər getməyə icazə istədilər, amma Heydər Əliyev dedi ki, “Horadizi təhvil verin daxili qoşunlara”. Onlar da Horadizi general Ramiz Məmmədovun qoşunlarına təhvil verib, öncə Bakıya qayıtdılar, oradan da İrana getdilər. Bunlar faktdır. Lakin, indi bu faktlar təhrif olumuş formada təqdim olunur və insanlar da bu təhriflərə inanırlar.

- Bu proseslərin sonunu necə proqnozlaşdırırsınız? Bu məsələdə Azərbaycanın itirəcəkləri və qazancı nə olacaq?

- Pandora məsələsi aktuallığını itirəcək, İranla münasibətlər isə normallaşacaq. Camaata da qışqırmaq, hoppanmaq qalacaq. Biraz da ürəklərində nifrət qalacaq. İrana qarşı bu nifrət Çar Rusiyası dövründə yaratmağa başlamışdılar.

Tarixə baxsaq, görərik ki, indiki Azərbaycan ərazisi vaxtilə Qacarlar imperiyasının şimal əyaləti idi. Çar Rusiyası o vaxt qacarlarla müharibədən sonra bu əraziləri işğal etdi. Lakin, xalq arasında parçalanma yaratmaq üçün belə bir plan qurdular ki, guya azərbaycanlılar yaşayan ərazinin yarısını Çar Rusiyası, yarısını da Qacarlar İmperiyası işğal edib. Faktiki olaraq isə Gülüstan və Türkmənçay müqavilələri Çar Rusiyası və Qacarlar İmperiyası arasında imzalanmışdı və Qacarlar məğlub tərəf kimi şimal əyalətlərini Çar Rusiyasına verməyə məcbur qalmışdı. Nəticə etibarilə, bu, Azərbaycanın bölünməsi yox, İranın şimal əyalətlərinin Çar Rusiyası tərəfindən işğalıdır. Amma elə təbliğatlar aparıldı ki, yazarlara, şairlərə pul verildi ki, İranın və Rusiyanın Azərbaycanı böldüklərini yazdılar. Orta məktəb dərsliklərinin heç birində də real faktlara rast gələ bilməzsiniz.

Çar Rusiyası imperatoru Qacarla müqaviləyə belə bir maddə də salmışdı ki, “Rus imperatoru İranda yaşayan xristianların hamisidir və onları incitsələr, Rusiya müdaxilə edə bilər”. Yəni, gələcəkdə müdaxilə üçün də bəhanə yeri qoymuşdular. Sonradan İranda, Türkiyədə yaşayan on minlərlə erməniləri məcburən Qarabağa, İrəvan bölgəsinə köçürtdülər.

Söhbətləşdi: Yusif Hacı

Giperssilka.ru